BANK

05 Oktyabr

Azərbaycanda real ÜDM artımı 2024 və 2025-ci illərdə 2,4% və 2,5% artacaq - Dünya Bankı

Dünya Bankı 2023-cü ilin yekunlarına görə Azərbaycanda real ÜDM artımının 1,5 faiz olduğunu və iyun proqnozları ilə müqayisədə 0,7 faiz aşağı olduğunu proqnozlaşdırıb.

Fins.az xəbər verir ki, bu göstərici 2024 və 2025-ci illərdə müvafiq olaraq 2,4 və 2,5 faiz artacaq ki, bu da iyun proqnozlarından 0,1 faiz aşağıdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz (80,096 milyard manatadək) artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ilin hesabat dövründə qeyri-neft sektorunda əlavə dəyər 2022-ci ilin analoji dövrü ilə müqayisədə 2,6 faiz artıb, neft-qaz sektorunda isə 1,1 faiz azalıb.

ÜDM-nin strukturunda sənayenin payı qeyd olunan dövrdə 42,4 faiz olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ÜDM-nin strukturunda 9,5 faiz nəqliyyat vasitələrinin ticarəti və təmirinin, 6,2 faiz nəqliyyat və anbar təsərrüfatının, 4,8 faiz tikintinin, 6,1 faiz kənd, meşə təsərrüfatı və balıqçılığın, 2,4 faiz turizm sektorunun, 1,6 faiz informasiya və rabitə sahəsinin payına düşüb. ÜDM-in 17,6 faizi iqtisadiyyatın digər sektorlarının payına düşüb.

Qeyd olunan dövrdə idxal vergisindən xalis daxilolmalar ÜDM-in 9,4 faizini təşkil edib.

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin adambaşına düşən ÜDM 7 895 manat olub.

Fuad Mədətov
Fins.az