BANK

23 Noyabr

Mərkəzi Bank Qiymətli Kağızların Emissiyası Sistemini təqdim edib

Mərkəzi Bank tərəfindən Qiymətli Kağızların Emissiyası Sisteminin təqdimatı keçirilib. 

"Fins.az" xəbər verir ki, sistemin istifadəyə verilməsi ilə investisiya qiymətli kağızlarının emissiyası prosesində Mərkəzi Bank, Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) tərəfindən emitentlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və bununla da emitentlərə “bir pəncərə” prinsipli xidmətlərin təqdim edilməsi təmin ediləcək.

Layihə çərçivəsində investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsi prosesləri rəqəmsallaşdırılmışdır.

 

Sistemdə emitentlərin kapital bazarından maliyyələşmə imkanlarının genişləndirilməsi üçün bir sıra funksionallıqlar yaradılmışdır. Proseslərin elektronlaşması nəticəsində emitentlər yuxarıda qeyd olunan qurumlara mərkəzləşdirilmiş qaydada vahid portal üzərindən müraciət etmək və qurumlar tərəfindən tələb olunan və təkrarlanan sənədləri yalnız bir dəfə sistemə yükləmək imkanı əldə edəcəklər. Həmçinin, sistemdə qiymətli kağızların depozitar sistemində saxlanması və uçotunun aparılması ilə bağlı MDM ilə və qiymətli kağızların listinqi üzrə BFB ilə müqavilələrin elektron qaydada bağlanılması, emissiya prospektlərinin təsdiqi ilə bağlı dövlət rüsumunun sistem üzərindən ödənilməsi və müraciətlə bağlı səlahiyyətlərin sistem vasitəsi ilə üçüncü şəxsə ötürülməsi imkanları yaradılmışdır. Əlavə olaraq, emitentlərin müraciətinin statusu barədə elektron poçt və mesaj formasında mobil telefon vasitəsi ilə məlumatlandırılması və sənədlərin Mərkəzi Bankın digər sistemi olan Məlumatların Elektron Açıqlanması Sistemində açıqlanması kimi funksionallıqlar da nəzərdə tutulmuşdur.

Tədbirdə MDM-in, BFB-nin, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin və investisiya şirkətlərinin nümayəndələri iştirak etmişdir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış və onları maraqlandıran mövzularla bağlı müzakirələr aparılıb.