BANK

05 Aprel

Azərbaycanda faizsiz borc təklif edən yeni maliyyə mexanizmi – Birgə İnvest

Mikro və kiçik sahibkarlıq subyektlərinin sərfəli maliyyə resurslarına çıxış imkanlarının hələ də tam əlçatan olmaması hazırda müzakirə olunan aktual mövzulardan biridir. Faktiki olaraq, ölkənin kapital bazarında maliyyə resursları kifayət qədər olmasına baxmayaraq, bir çox sahibkarın bu resursalardan istifadə imkanları məhduddur. Bunun əsas səbəbi banklarda kredit faizlərinin yüksək olması, girovlara qoyulan tələblər və ümumiyyətlə sahibkarların dövlətin maliyyə dəstəyi mexanimzləri barədə kifayət qədər informasiyaya malik olmamasıdır. Azərbaycanda sahibkarlıq subyektlərinin maliyyələşməsinə dövlət dəstəyini təmin edən bir sıra təsisatlar fəaliyyət göstərir. Dövlətin maliyyə dəstəyi mexnanizmlərindən biri də Birgə İnvest investisiya şirkətidir.

  Birgə İnvest investisiya şirkəti Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ildə təsis edilmişdir. Əsas məqsəd mikro, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirməkdir. Birgə İnvest-i fərqləndirən əsas cəhət odur ki, biznes layihəsinə maliyyə dəstəyi kredit kimi deyil, birbaşa kapital qoyuluşu formasında edilir. Yəni, Birgə İnvest sahibkar tərəfindən təqdim edilən layihəyə partnyor olaraq investisiya edərək təsisçi kimi iştirak edir. Bundan əlavə, sahibkarlar biznes layihəsinin dəyərinin 40%-i həcmində faizsiz borc almaq imkanı əldə edirlər. Faizsiz borcun verilməsi ölkədə mövcud maliyyələşmə mexanizmləri arasında bir ilkdir.

Birgə İnvest-in investisiya şərtləri:

  • Layənin dəyərinin 70%-ə qədərini maliyyələşdirir;
  • Layihə üzrə maksimum 30% həcmində təsis payına malik olur;
  • Layihənin 40%-i həcmində təminat qarşılığında faizsiz borc verir;
  • Layihə üzrə mənfəət və zərərə şərik olur;
  • Müqavilə üzrə biznesdən çıxış strategiyası var;
  • İnvestisiyanın maksimum məbləği - 350.000 manat;
  • İnvestisiyanın minimum məbləği - 35.000 manat.

Sahibkarlar üçün Birgə İnvest ilə partnyor olmağın əsas üstünlükləri: faiz və aylıq ödənişlərin olmaması, dividend üzrə ödənişlərin yalnız ilin sonunda mənfəətdən ödənilməsi, müqavilə bitdikdən sonra biznesin tamamilə sahibkara keçməsi.

Sahibkarlar üçün qoyulan əsas tələblər:

  • Layihə haqqında biznes planın (biznesin təsviri, bazar araşdırması, maliyyə məlumatları) təqdim edilməsi;
  • Layihənin dəyəri üzrə minimum 30% ilkin investisiya;
  • Layihənin peşəkar idarəçiliyini təmin edilməsi.

Müəllif:  Elnur Quliyev