BANK

17 İyul

“EPUL”-un rəhbəri: Yaxın gələcək üçün layihə və yeni xidmətlərimiz var

Bu ilin birinci rübü ərzində Azərbaycan əhalisi bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 407 mln. manat həcmində ödəniş həyata keçiriliblər ki, bu da indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.Ölkəmizdə nağsız cəmiyyətin formalaşdırılması üçün  ödəniş sistemlərinin fəaliyyəti daha təqdirəlaiqdir. Azərbaycanda yeni ödəniş üsullarının və innovativ texnologiyaların Azərbaycana gətirilib tətbiqində mühüm xidmətləri olan «Paysis» -“EPUL”-un icraçı direktoru Samir Nasibovun "Fins.az"a müsahibəsini təqdim edirik. 

«Paysis» -“EPUL”-un əsas fəaliyyət istiqamətləri nədir?

 - Elmi-texniki tərəqqinin yüksək nəticələri  texniki xidmətlərin köklü və keyfiyyətli şəkildə dəyişməsinə imkan yaratmışdır. Bu naliyyətlərin uğurlu tətbiqi insanların rahatlığına xidmət edir. “PaySis” şirkətinin məhsulu olan EPUL onlayn ödəniş sistemi də bu qəbildən olan xidmətlərdəndir.  2014-cü ildən istifadəçilərin ixtiyarına verilən EPUL fəaliyyətə başladığı ilk gündən insanların bu sahədə olan zəruri ehtiyaclarını ödəməyə çalışaraq özünü uğurla təsdiq etmişdir.  

Hazırda EPUL onlayn ödəniş portalında bu ödənişləri yerinə yetirmək mümkündür: Kommunal xidmətlər, Mobil operatorlar, İnternet provayderləri, TV provayderləri,  Telefon şəbəkəsi, Bank xidmətləri, Sığorta xidmətləri,  Əyləncə xidməti, Dayanacaq xidmətləri, YDM ödənişləri, Otel şəbəkəsi, Taksi xidməti və digərləri.

Fərqli cihaz və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan EPUL onlayn ödəniş sistemində bu xidmətlərdən yararlanmaq mümkündür:

Avtomatik ödənişlər sistemi, Bonuslar, Borclar, Kartın qeydiyyatı, Ödəmələrin tarixçəsi, Seçilmiş ödənişlər, Virtual Kart, Dostunu dəvət et, Kartdan-karta, Pul Kisəsi.

 SOCAR yanacaqdoldurma məntəqəsi şəbəkəsində EPUL mobil tətbiqetməsindən istifadə edərək nağdsız ödəniş edilməsi mümkündür. Həmin vaxt “Azpetrol”-la danışıqların getdiyi barədə məlumatlar var idi. Bu layihənin davamı olaraq başqa hansı yanacaqdoldurma məntəqələrində bunun tətbiqi gözlənilir?

  Sektorunun innavatoru olan EPUL.az ödəniş sistemi VİSA ilə birgə layihəsi nəticəsində “LUKOİL” və “SOCAR” ASC-yə məxsus yanacaqdoldurama məntəqələrində QR kodu ilə ödənişi təmin edib.  İstifadəçilər EPUL.az-ın mobil əlavəsi vasitəsilə QR kodu ilə Azərbaycan üzrə yerləşən “Lukoyl” və “SOCAR” ASC-yə məxsus yanacaqdoldurma məntəqələrində ödənişlərini yerinə yetirirlər. Xidmətin üstünlüyü və əsasən pandemiya dövründə vacibliyi ondan ibarətdir ki, istifadəçinin POS terminala, operatorun isə ödəməni qəbul etmək üçün terminal ilə sürücüyə yaxınlaşmağa ehtiyacı olmur. Beləliklə, fiziki əlaqə yaranmır və ötürmə qabiliyyəti xeyli artır. Hazırda bir necə YDM ilə danışıqlar gedir və yaxın gələcəkdə bu haqda məlumat alacaqsınız.

“EPUL”-un “E-bay”  tipli  ticarət platforması ilə bağlı layihəsi vardı həmin layihənin həyata keçirilməsi necə davam etdirlir. Bu sahədə hansı yeniliklər olacaq?

Bildiyiniz kimi, 2021-ci ilin əvvəlində EPUL Marketplace istifadəyə vermişdir, yeni Marketplace xidməti ilə artıq mal və xidmət satmaq üçün veb sayt və ya tətbiqetmə yaratmağa ehtiyac qalmır - şirkətlərin EPUL bazarında öz mağazalarını yaratmaları kifayətdir. Bu, pandemiyada sabitliyin və işin inkişafının qorunması üçün xüsusi əhəmiyyət kəsb edir, çünki müəssisə sahibləri buna əlavə sərmayə qoymaq məcburiyyətində qalmayacaqlar.

Yeni platformanın özəlliyi, standart “marketplace” və ortaq bir şəbəkənin xüsusiyyətlərini birləşdirən, öz referal porqramı olmaqla müştəri alış-verişindən gəlir əldə etməyə imkan verməsidir.

Beləliklə, yeni bir xidmətin iş üçün faydaları nələrdir? EPUL ödəmə platforması, müəssisələrə satış üçün 400.000 aktiv istifadəçi və aylıq 3.000.000 veb trafiki olan hazır bir müştəri bazası təklif edir.

Xidmətə 10 dəqiqə ərzində pulsuz qoşulma və satıcı üçün admin paneli xidmətdən mümkün qədər sadə və rahat istifadə etməyi təmin edir. Bundan əlavə, platforma ölkədə ən çox sayda ödəmə üsulunu təklif edir:

  1. Bank kartı;
  2. Masterpass mühitində saxlanan kart;
  3. E-wallet pul kisəsi;
  4. EPUL ödəniş xidmətində toplanan bonus xalları;
  5. Kredit / taksit vasitəsilə ödəmə (Bolkart, Birkart, Tamkart);
  6. Ödəniş terminalları (MilliÖn, eManat, ExpressPay, Kassam.az) vasitəsilə nağd ödəmə yolu ilə.

 Marketplace üçün online bazarda aktual problem olan personal sürətli çatdırılma xidməti hazırlanır.

 QR ödənişlərin taksi ödənişlərinin həyata keçirilməsində də istifadəsi nəzərdə tutulmuşdu. Hansı taksi şirkəti ilk olaraq bu tip ödənişlərdən istifadə edəcək. Başqa hansı taksi şirkəti ilə bu sahədə danışıqlar aparılır?

Bu istiqamətdə  işlər  aparılır. Hələ ki  nəticə  barədə  danışmaq tezdir.

“EPUL” kriptovalyutalar və müxtəlif ödənişlərin həyata keçirilməsində rəqəmsal yeniliklərin tətbiqi ilə bağlı hansı addımları atmağı planlaşdırır?

Hazırda qanunda heç bir qeydlər olmadığı üçün rəsmi cavab verə bilmərik.

“EPUL” xarici və yaxud yerli banklarla birgə layihələr həyata keçirməyi planlaşdırmır?

Hazırda EPUL platforması bir neçə yerli və xarici banklarla əməkdaşlıq edir, paralel olaraq bir neçə strateji layihə başlanılıb. Bu barədə ətraflı məlumat işlər yekunlaşdıqdan sonra təqdim olunacaq.

“EPUL”-un yaxın gələcək üçün yeni və hələ üzərində işlədiyi layihələr və xidmətlər var?

Yaxın  gələcək  üçün  layihə  və yeni  xidmətlərimiz var. Nağdsız ödənişlərin artırılması, təhlükəsiz  və rahat ödənişlərin  tənzimlənməsi  istiqamətində  işlərimiz davam  edir. Hər  biri haqda  zəruri məlumatlar zamanı gəldikdə təqdim olunacaq.

Müəllif:Aynur Qəniyeva