Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutulmaması qərara alınıb.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Məlumata görə, AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin dəstəklənməsi, habelə əhali və iqtisadi subyektlərin sistemin imkanlarından istifadəyə stimullaşdırılmasının davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank tərəfindən xidmət haqqı tarifləri üzrə güzəşt müddətinin 1 yanvar 2022-ci il tarixinədək uzadılmasına qərar verilib.
Qeyd edək ki, hazırda 20 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (Android: //bit.ly/3b78WQo və IOS: //apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.
Müəllif:Aynur Qəniyeva