Bank kartları ilə ödəniş sistemlərində dünya lideri, qlobal miqyasda kart əməliyyatlarının az qala 50%-ni emal edən Vısa Inc. İsveçin fintech şirkəti olan Tink-i satın alır.
Fins.az Financial Times-a istinadla xəbər verir ki, sövdələşmənin dəyəri 1,8 milyard avro (2,14 milyard dollar) təşkil edir.
Tink Visa kimi şirkətlərin təklif etdiyi ənənəvi kart ödəniş şəbəkələrindən yan keçməklə, üçüncü tərəflərin müştərilərlə birbaşa maliyyə hesablaşmaları və ödəniş aparmasına imkan verən texnologiya hazırlayıb. Bu texnologiya hazırda geniş müzakirə olunan açıq bankçılıq (open banking) sisteminin tərkib hissəsidir.
Görünür, Visa yeni fintech şirkətini satın almaqla həm bu sistemin əsas iştirakçısına çevrilmək, həm də ənənəvi kart ödəniş şəbəkəsini bu sistemə uyunlaşdırmaqla gəlir itkisindən özünü sığortalamaq fikrindədir. Hazırda Visanın təklif etdiyi kart ödəniş sistemi dünyanın 200-dən çox ölkəsində qəbul olunub. Analoji xidmət sistemləri MasterCard, American Express və başqalarıdır.