"Monetar və makroprudensial stimullar, eləcə də dövlətin güzəştli proqramları kredit aktivliyini dəstəkləyir".
"Fins.az" xəbər verir ki, bu, Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında yaydığı press-relizdə deyilir.
Qeyd edilib ki, 5 ayda bank sistemi üzrə kredit portfeli 3.8%, o cümlədən biznes kreditləri 2.4% artmışdır. Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7.2% artmışdır. İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri 5.1% artsa da pandemiyadan öncəki səviyyəni bərpa etməmişdir.
Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Ötən iclasdan sonra dövlət qiymətli kağızlarının gəlirliyi azalmış, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməmişdir. Kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir.