BANK

16 İyun

Devalvasiyaya getmiş ölkədə inflyasiya 378%-i keçib

Sudan Statistik Komitəsi ölkədə illik inflyasiyanın 378%-i keçdiyini açıqlayıb.

Fins.az xəbər verir ki, 2021-ci ilin Aprel ayında 363,14% olan illik inflyasiya mayda 378,79%-ə yüksəlib. 

Açıqlamada, qida məhsulları və maye yanacaqdakı sürətli artımların inflyasiyanın yüksəlməsinə səbəbi olduğu vurğulanıb. 

İllərdir iqtisadi böhranla boğuşan ölkədə 11 Aprel 2019-dakı hərbi çevrilişin ardından avqust ayında qurulan keçid hökumətinin siyasətləri çərçivəsində maye yanacaq, çörək və elektrik enerjisinə subsidiyalar ləğv edilib. 

Hökumət 9 İyunda maye yanacağa dövlət dəstəyini tamamilə ləğv edib və bundan sonra qiymətlər kəskin artıb.

Sudanın pul vahidi cüneyh də dollar qarşısında son iki ildə 10 dəfə dəyər itirərək 500 səviyyələrini görmüşdü.

Sudan iqtisadiyyatı, son dövrdə yüksək inflyasiya və devalvasiyalar səbəbiylə çətin bir dövrdən keçir.

Hökumət, 2021-ci il büdcəsində il sonu inflyasiya hədəfini 95% olaraq açıqlamışdı. Sudan 21 Fevralda, Beynəlxalq Valyuta Fonduna (IMF) borcunu təxirə salmağa müraciət etmək üçün "qara bazar"dakı məzənnə ilə rəsmi məzənnəni bərabərləşdirərək devalvasiyaya getmişdir.