“Fərdi məlumatlar haqqında” Qanunun 5-ci maddəsinə əsasən fərdi məlumatlar aid olduğu şəxsin razılığı ilə üçüncü tərəflərə ötürülə bilər. Bu baxımdan, eyni yanaşmanın bank gizliliyinə də tətbiqi qanunvericilik və problemli kreditlərlə bağlı uyğunsuzluğun aradan qaldırılmasında, daha sabit bankçılıq sisteminin yaradılmasında öz müsbət rolunu oynayacaq.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir.
“Banklar haqqında” Qanunun 41-ci maddəsində bank sirləri haqqında məlumatlar yer alır. Həmin maddənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabı, hesab əməliyyatları və balanslar, eləcə də müştəri, müştərinin adı, ünvanı və rəhbərlər haqqında məlumatların məxfiliyinə zəmanət verir. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Maddə 967) və “Banklar haqqında” Qanuna (Maddə 41) əsasən gizlilik təşkil edən məlumatlar nəinki yalnız müştərilərə və onların nümayəndələrinə, həmçinin, kənar auditorlara, maliyyə nəzarəti qurumuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilir. Bu məlumatlar cinayət işinin tədqiqatı, müştərinin puluna və əmlakına bank tərəfindən əl qoyulması ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı əsasında dövlət qurumlarına və onların əməkdaşlarına təqdim edilə bilər. Bununla yanaşı, banklar bu məlumatları kartların emal mərkəzinə, dövlət fondlarına da təqdim edir. Bu hüquqi tələblər problemli kreditlərin satışını da məhdudlaşdırır-deyə sənəddə qeyd edilib.
Müəllif:Aynur Qəniyeva