BANK

08 May

Dünya Bankı Azərbaycanda pandemiyaya qarşı cavab tədbirləri üçün - Vəsait Ayıracaq

Dünya Bankı (DB) və Azərbaycan hökuməti COVID-19 pandemiyasının yaratdığı fəsadlara cavab tədbirlərinin maliyyələşdirilməsi imkanlarını müzakirə edir.

Fins.az xəbər verir ki, DB-dən bildirilib ki, 2021-ci ilin fevralında hökumət Dünya Bankı Qrupunun koronavirusla mübarizə üzrə çoxmərhələli proqram yanaşması çərçivəsində maliyyə təminatında marağını ifadə edib.

Bankdan bildiriblər ki, hazırda yeni sürətli cavab əməliyyatı hazırlanır. DB xatırladıb ki, 2020-ci ilin sentyabrında Azərbaycan COVAX qlobal peyvənd tədarükü mexanizminə qoşulub.

Dünya Bankı pandemiyaya cavab tədbirləri üçün, eləcə də geniş məlumat mübadiləsi təşəbbüsləri çərçivəsində tərəfdaşları ilə əməkdaşlıq edir. 2020-ci ilin aprelində Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadiyyatın müxtəlif sahələrinin ehtiyaclarını ödəmək üçün mümkün cavab tədbirlərini müzakirə etmək, habelə pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması sahəsində qlobal bilik və təcrübəni bölüşmək üçün Azərbaycan İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə seminar keçirib.

“Hazırda hökumətlə müzakirə olunan çoxmərhələli proqram yanaşması çərçivəsində tətbiq edilməsi güman olunan yeni layihə digər beynəlxalq tərəfdaşların göstərdiyi dəstəyi – o cümlədən Avropa İttifaqının sakinlərin təhlükəsiz və effektiv peyvəndlənməyə hazırlığını təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə həyata keçirdiyi yeni regional proqramı və Asiya İnkişaf Bankının COVID-19-la zəruri mübarizə vasitələrinin (o cümlədən fərdi qoruyucu vasitələrin, respiratorların və bioloji təhlükələrlə mübarizə vasitələrinin) tədarükünün təkmilləşdirilməsi və tibb işçilərinin profilaktika və infeksiya nəzarəti sahəsində imkanlarının artırılmasına yönəlmiş yardımı tamamlayacaq”, – bankdan bildiriblər.

Xatırladaq ki, əhalinin yoxsul və həssas qruplarının müdafiəsi üçün elektron səhiyyənin yaradılmasında Azərbaycana texniki yardım göstərilib. Xüsusilə, Yaponiya İnsan Resurslarının İnkişafı Fondu elektron səhiyyə strategiyası və sığorta iddialarının idarəedilməsi sisteminin inkişafını maliyyələşdirir. 738 000 dollarlıq texniki yardım vəsaiti səhiyyə məlumatlarının idarə edilməsinin gücləndirilməsinə və yeni tibbi xidmət platformalarının COVID-19-a cavab tədbirləri çərçivəsində tətbiq olunmuş evdə müalicə protokollarına uyğunlaşdırmasına, eləcə də pandemiya səbəbindən dayandırılmış ilkin yoxlama proqramlarının bərpasına yönəldiləcək.

Cənubi Qafqaz ölkələrinə sosial müdafiə və iqtisadi imkanların gücləndirməsi üçün texniki yardım da göstərilib. Yardım məqsədyönlü siyasətin hazırlanması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri üçün təlimlərin təşkil edilməsi yolu ilə COVID-19-un təsirinə məruz qalmış əlillərə kömək etməyə yönəlib.

Öz növbəsində, ölkə hökuməti də COVID-19-un biznesə və əhalinin ən həssas təbəqələrinə ciddi təsirinin azaldılması üçün tədbirlər görüb. Bu günə qədər hökumət, COVID-19-la mübarizə üçün dövlət vəsaitlərindən 1,16 milyard dollar (1,98 milyard manat) xərcləyib. Bura həmçinin ictimai səhiyyə ehtiyaclarının və sıravi işçilərin maaşlarının dəstəklənməsi daxildir.

Digər tədbirlər sosial müavinətlərin və biznes müavinətlərin artırılmasına yönəldilib – bura işçilərin maaşlarının qismən dövlət tərəfindən verilməsi yolu ilə mikro-sahibkarlara dəstək göstərilməsi, müvəqqəti dövlət iş yerlərinin yaradılması, dolanışıq üçün vəsaitlərin, işsizlik müavinətlərinin, ünvanlı sosial yardımın, təhsil subsidiyalarının və faiz subsidiyalarının verilməsi daxildir. (Report)