Bu ilin I rübü ərzində Azərbaycanda kredit qoyuluşlarının gözəçarpan artımı əsasən real sektorun energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar və kənd təsərrüfatı sahələrində müşahidə olunub.
Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, aprelin 1-nə energetika sektorunun kreditləşməsi 769 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 46,6% çoxdur. İnşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi isə 681,5 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 38,2% çoxdur.
Qeyd edək ki, bu il kredit qoyuluşlarının əhəmiyyətli dərəcədə azaldığı sektor isə sənaye və istehsal sektoru (920 mln. manat, 26,4% azalma) olub. Digər sektorlarda dəyişmə cüzi olub. Belə ki, ticarət və xidmət sektorunun (2,517 mlrd. manat) kreditləşməsi 3,5%, maliyyə sektorunun (456,5 mln. manat) 3,4% azalıb, kənd təsərrüfatı sektorunun kreditləşməsi (570,9 mln. manat) 0,8%, nəqliyyat və rabitə sektorunda bu göstərici (854,2 mln. manat) 0,7%, ev təsərrüfatlarına verilən kreditlər (6,869 mlrd. manat) 2,4% artıb.