BANK

04 May

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 25,3% artırılır

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) nizamnamə kapitalı 25,3% - 798 milyon manata qədər artırılır.

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalının 637 milyon manatdan 798 milyon manata qədər artırılması aşağıdakı iki mənbə hesabına həyata keçirilir:

- “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinə uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən güzəştli ipoteka kreditləri üçün ayrılan 90 milyon manat hesabına;

- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2021-ci ilin dövlət büdcəsindən Fonda ayrılan vəsaitin 71 milyon manatı hesabına.