BANK

03 May

“Rabitəbank”-a yeni rəhbər təyin edilib

“Rabitəbank”ın İdarə Heyətinin sədri Elçin Qədimov vəzifəsindən kənarlaşdırılıb. 

Fins.az  xəbər verir ki, 03 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası Sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb. 

Elçin Qədimov isə bundan sonra fəaliyyətini İdarə Heyəti sədrinin birinci müavini olaraq davam etdirəcək.

Qeyd edək ki, Aydın Hüseynov, 1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.