Azərbaycandakı 26 bank 2021-ci ilin ilk 3 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Açıqlanan məlumatlardan aydın olur ki, 2021-ci ilin ilk 3 ayını 26 bankdan 25-i xalis mənfəətlə, 1-i isə xalis zərərlə başa vurub. Ən çox mənfəət əldə edən banklar “Kapital Bank”, "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", “Yelo Bank” , “Premium Bank”-dır. Belə ki, əldə etdiyi xalis mənfəətin məbləğinə görə ilk mövqedə qərarlaşan “Kapital Bank” ASC 2021-ci ilin 1-ci rübünü 55 milyon 535 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin eyni dövrünü 74 milyon 893 min manat xalis mənfəət ilə bağlamışdı. Hesabat dövründə bankın gəlirləri və əməliyyat mənfəəti artıb. 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2021-ci ilin 1-ci rübündə “Kapital Bankı”ın cəmi əməliyyat gəlirləri 15 milyon 597 min manat və ya 10% artaraq 170 milyon 526 min manat təşkil edib. Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırma nəzərə alması xalis mənfəətin azalmasına səbəb olub.
Aktivlərinin həcminə görə ölkəmizin ən böyük bankı olan, dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC 2021-ci ilin 1-ci rübünü (yanvar-mart dövrünü) 41 milyon 395 min manat vergidən əvvəl mənfəətlə başa vurub. Bankın xalis mənfəəti isə 32 milyon 395 min manat olub ki, bu mənfəətlə “Azərbaycan Beynəlxalq Bankı” xalis mənfəətinin həcminə görə 26 bankın arasında 2-ci yerdədir. 2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin ilk rübündə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivləri 192 milyon 832 min manat və ya 2,1% artaraq 9 milyard 155 milyon 625 min manat təşkil edib. Bank yenidən aktivlərinin həcminə görə ölkə bankları arasında liderliyini qoruyub saxlayıb. Hesabat dövründə bankın cəmi aktivləri 2021-ci il yanvarın 1-I tarixinə aktivləri 8 milyard 962 milyon 793 min manat olub.
“Paşa Holdiq”-ə daxil olan ölkənin ən böyük banklardan biri olan “PAŞA Bank” ASC 2021-ci ilin ilk rübünü 18 milyon 786 min manat xalis mənfəət ilə başa vurub ki, bu da bankın ölkədə ən çox xalis mənfəət əldə edən 3-cü bank olması ilə nəticələnib. “PAŞA Bank” ASC –in əldə etdiyi mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 dəfə çoxdur. Bank ötən ilin 1-ci rübünü 3 milyon 480 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin ilk rübündə 86 milyon 940 min manat cəmi əməliyyat gəlirlərinə qarşılıq cəmi əməliyyat xərcləri 50 milyon 589 min manat təşkil edib.Bank 36 milyon 351 min manat əməliyyat mənfəətindən 11 milyon 415 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırlıb və 6 milyon 150 min manat mənfəət vergisi ödənilib. Beləliklə, PAŞA Bank ilk rübü 18 milyon 786 min manat xalis mənfəət ilə başa vurub
2021-ci ilin 1-ci rübünü irihəcmli xalis mənfəətlə başa vuran 4-cü ən böyük bank “Yelo Bank” ASC-dir. Bank bu ilin I rübünü 5,67 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 6,255 milyon manat zərərlə çıxmışdı. “Yelo Bank”ın əməliyyat mənfəəti xərclərin azalması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olma hesabına formalaşıb Bankın faiz xərcləri 5 milyon 287 min manatdan 3 milyon 846 min manata, qeyri-faiz xərcləri isə 10 milyon 81 min manatdan 9 milyon 616 min manata qədər azalıb.
Xalis mənfəət bankın məcmu kapitalının artmasına zəmin yaradıb. 1aprel 2021-ci il tarixində “Yelo Bank” 59 milyon 392 min manat məcmu kapitala malik olub. 1 yanvar 2021-ci il tarixinə olan göstəricilərə görə bank-ın məcmu kapitalı 53 milyon 805 min manat təşkil edib. Həmçinin xalis mənfəət əldə etdiyi üçün "YeloBank"ın yığılmış zərəri də azalıb. 2021-ci ilin bütün ayını xalis mənfəətlə başa vuran bank-ın nizamnamə kapitalı da 8,6% artaraq 378 milyon manata çatıb.
Azərbaycanda 2021-ci ilin 1-ci rübündə ən çox xalis mənfəət əldə edən bank “Premium Bank” ASC 5 milyon 345 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% azdır. Bank ötən ilin ilk rübünü 6 milyon 55 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin ilk rübündə “Premium Bank”-ın cəmi əməliyyat gəlirləri 11 milyon 3 min manat təşkil edib. 2020-ci ilin ilk rübündə Premium Bankın cəmi əməliyyat gəlirləri 13 milyon 403 min manat olmuşdu. Bankın faiz gəlirləri 8 milyon 852 min manatdan 8 milyon 302 min manata, qeyri-faiz gəlirləri isə 4 milyon 551 min manatdan 2 milyon 701 min manata geriləyib.
Müəllif: Aynur Qəniyeva