BANK

23 Aprel

Ödəniş kartlarındakı təhlükə ilə bağlı – BANKLARDAN  ƏHALİYƏ XƏBƏRDARLIQ

Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarındakı təhlükə ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Fins.az  xəbər verir ki, ABA-nin məlumatında bildirilir ki, son dövrlər elektron ticarətin həcmində müşahidə edilən kəskin artım dövründə ötən dövrdə kart istifadəçisinə aid olan məlumatların müxtəlif üsullarla ələ keçirilməsi və nəticədə pul vəsaitlərinin səlahiyyətsiz formada mənimsənilməsi halları müşahidə edilir.

Azərbaycan Mərkəzi Bankı ilə birgə Azərbaycan Banklar Assosiasiyası tərəfindən banklarla bu sahədə birgə fəaliyyət koordinasiya edilərək, müxtəlif üsullardan, o cümlədən seminarların təşkili, mətbuat açıqlamaları, videoçarxlardan istifadə edilməklə cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi üzrə addımlar atılıb.

Təəssüf ki, həyata keçirilən tədbirlərə baxmayaraq, ənənəvi üsullarla kart məlumatlarının fırıldaqçılar tərəfindən ələ keçirilməsi halları yenidən artmaqdadır. Belə ki, fırıldaqçılar məhsul və xidmətlərin alışı müqabilində etibarlı alıcı qismində çıxış edərək ödənişin həyata keçirilməsi, habelə bank adından çıxış edərək müxtəlif bəhanələrlə, o cümlədən, ödəniş kartı rekvizitlərinin yoxlanılması, yeni bank xidmətinə qoşulma adı altında kart istifadəçisinə məxsus ödəniş kartı məlumatlarını əldə edirlər. Bu üsulla ödəniş kartının üzərində əks olunan 16 rəqəmli nömrə, qüvvədə olma tarixi və CVV kod ilkin mərhələdə əldə edilir. Müştərinin “3D Secure” xidmətinə qoşulduğu təqdirdə, əməliyyatın başa çatdırılması üçün sonradan SMS məlumatlandırma əsasında əldə edilən birdəfəlik şifrə kart istifadəçisindən alınır. Ödəniş kartı ilə əməliyyatın aparılması zamanı kart istifadəçisi tərəfindən qorunmalı olan bütün zəruri məlumatlar daxil edildiyindən sonradan pul vəsaitinin geri ödənilməsi mümkün olmur. 

Bununla əlaqədlar olaraq Assosiasiya əhalini bir daha ehtiyatlı olmağa çağırıb:

   Kart istifadəçiləri olan hörmətli bank müştəriləri!

Ödəniş kartınıza pul vəsaitinin köçürülməsi üçün ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə kifayətdir. Heç bir halda ödəniş kartının FİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə təqdim etməyin. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabınızdan vəsaitin silinməsinə səbəb ola bilər.

Yadda saxlayın ki, bank(lar) tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşlaşdığınız zaman dərhal ödəniş kartının üzərində olan əlaqə telefonları ilə əlaqə saxlayın.

Fırıldaqçılıq halları ilə əlaqədar əhalinin məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) birgə əməkdaşlığı çərçivəsində animasiya formasında videoçarx hazılanmışdır. Sözügedən videoçarxı keçiddən əldə edə bilərsiniz: Kart məlumatlarımızı fırıldaqçılardan necə qoruya bilərik?.

Ölkəmizdə əhalinin maliyyə savadlılığı səviyyəsinin artırılmasına xüsusi önəm verərək, Azərbaycan Banklar Assosiasiyası ictimaiyyəti fırıldaqçıların qurbanına çevrilməmək üçün diqqətli olmağa çağırır. Bu baxımdan, həm yuxarıda qeyd olunan sxem üzrə fərdi məlumatların fırıldaqçılara ötürülməsi halları, həm də rəsmi lisenziyası və ya dövlət qeydiyyatı olmadan fəaliyyət göstərən, aktiv reklam kampaniyaları keçirərək yüksək və asanlıqla əldə oluna gəlirlilik vəd edən “maliyyə piramidası” tipli təşkilat və ya layihələrə investisiyalar üzrə maliyyə itkisi risklərinin adekvat qiymətləndirilməsi olduqca önəmlidir.