BANK

22 Aprel

Azərbaycanda xarici valyutada kreditləşmənin həcmi - 20% Azalıb

Bu ilin aprelin 1-i tarixinə Azərbaycandakı kredit təşkilatları (banklar, BOKT, kredit ittifaqları) tərəfindən verilən kreditlərin həcmi aylıq 0,7% artaraq 14,728 mlrd. manat təşkil edib.

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına görə, kreditlərin 28,2%-i və ya 4,153 mlrd. manatı xarici valyutada olub. Ötən ilin mart ayından bəri xarici valyutada kredit qoyuluşları 20% azalıb.

Qeyd edək ki, yanvarın 1-nə kreditlərin dollarlaşması 29,8% təşkil etmişdi ki, bu da 2015-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir. Beləliklə, dollarlaşma ötən ay da altıillik minimum səviyyəsində qalıb.

Statistikanın aparıldığı dövrdən (2006-cı ildən bəri) kreditlərin ən yüksək dollarlaşma səviyyəsi isə 2016-cı ilin yanvar ayında qeydə alınmışdı (51,9%).

(Apa)