BANK

06 Aprel

Böyük bankda istefalar - iki yüksək vəzifəli rəhbər işdən gedir

İsveçrənin ikinci ən böyük maliyyə konqlomeratı və Avropanın ən böyük banklarından biri Credit Suisse bankının iki yüksək vəzifəli rəsmisi - baş risk və komplayens direktoru Lara Warner və investisiya bankçılığı departamentinin müdiri Brayan Chin milyard dollarlıq itkilərdən sonra bankla yollarını ayırmaq qərarına gəlib.

Fins.az xəbər verir ki, bankın bugün məsələ barədə və ən böyük müştərilərindən olan Archegosun çöküşü ilə əlaqədar məruz qaldığı itkiləri haqqında açıqlama verməsi gözlənilir.

İlkin hesablamalar Koreyalı milyarder Bill Hvanqın qurduğu Archegos-un qəfil tənəzzülü nəticəsində onun əsas brokeri və borcverəni qismində çıxış edən Credit Suisse-nin 4 milyard dollar ziyana düşdüyünü qeyd edir. Greensill Capital-la bağlı baş verən böhranda isə bankın müştəriləri təxminən 3 milyard dollar itirib.  Marja hər iki hadisə barəsində ətraflı xəbər vermişdi.

1856-cı ildə qurulan qocaman Credit Suisse bankı investisiya bankçılığı və maliyyə xidmətləri sahəsində liderlərdən biridir. 2020-ci ilin sonuna bankın toplam aktivləri 893 milyard İsveçrə frankı (952 milyard dollar), xalis gəliri 2,85 milyard frank (3 milyard dollar) təşkil edib.