BANK

29 Mart

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bu şirkətlər qrupuna irihəcmli kredit verib 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "Avrora" şirkətlər qrupuna istehsalın genişləndirilməsi üçün 50 milyon 668,5 min manat (25 milyon avro) kredit verib.

Layihə iki tranşla maliyyələşdiriləcəkdir. 12,5 milyon avro məbləğində ilk tranş makaron istehsalına sərmaye üçün nəzərdə tutulub. Xüsusilə, şirkət bir makaron fabriki tikməyə davam edir və borc vəsaitlərinin bir hissəsini qısamüddətli kreditlərin yenidən maliyyələşdirilməsinə sərf etməyi planlaşdırır.

12,5 milyon avroluq ikinci tranş, avadanlıqların alınması da daxil olmaqla peçenye və tort istehsalının maliyyələşdirilməsinə sərf ediləcək.

Kredit tam olaraq Azərbaycan manatı ilə veriləcək. Layihənin ümumi dəyəri 56 milyon 748,72 min manatdır.

Avrora Şirkətlər Qrupu, FMCG məhsullarının aparıcı distribyutorlarından biridir və Azərbaycanda qida və içki istehsalçısıdır.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB indiyədək Azərbaycanda 175 layihənin maliyyələşdirilməsi üçün 3 milyard avrodan çox vəsait ayırmışdır. 2020-ci ildə AYİB Azərbaycanda 6 layihənin həyata keçirilməsi üçün 17 milyon avro məbləğində kredit ayırılıb.