BANK

19 Mart

Avropa Pul Viktorinasının milli mərhələsi başa çatıb

32 bank assosiasiyasını birləşdirən Avropa Banklar Federasiyasının üzv ölkələri arasında təşkil etdiyi Avropa Pul Viktorinasının milli mərhələsində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 12 mart 2021-ci il tarixində iştirak edilmişdir. COVİD-19 pandemiyasına görə yaranmış şəraitlə əlaqədar olaraq 2021-ci il üzrə final ötən il olduğu kimi onlayn keçiriləcək.

Fins.az xəbər verir ki, Avropa Pul Viktorinası məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləmək məqsədilə keçirilir.

Bildilir ki, viktorinada iştirak edən 13-15 yaşlı məktəblilərə əsasən bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar təqdim olunur. Qaydalara uyğun olaraq, viktorinanın milli mərhələləri iştirakçı ölkələrdə, final mərhələsi isə Brüsseldə təşkil edilir. Milli final mərhələsində qalib gələn iki nəfər Avropa finalında iştirak etmək hüququ qazanır.

17 mart 2021-ci il tarixində Avropa Pul Viktorinasının milli mərhələsi başa çatmışdır. Müsabiqədə 13-15 yaşlı, ingilis dilini yaxşı bilən dövlət və özəl məktəblərin şagirdləri iştirak etmişlər.

Milli mərhələnin ilk seçim turu və yarımfinal onlayn formatda keçirilmişdir. İlk mərhələdə 300 nəfər iştirak etmiş, onlardan 150 nəfər yarımfinala keçmişdir. 20 nəfər isə final mərhələyə keçmək hüququ qazanmışdır.

Mərkəzi Bankda keçirilən finalda Xırdalan şəhər B.Y. Cəfərov adına 3 nömrəli məktəbin şagirdi Ülkər Aşurova, Humanitar Fənlər Təmayüllü məktəb-liseyin şagirdi Nurlan Karibov, Avropa-Azərbaycan məktəbinin şagirdi Ramiz Əhmədzadə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuşlar. İlk iki yerin qalibləri Azərbaycanı Avropa Pul Viktorinasının final mərhələsində təmsil edəcəklər.