BANK

15 Mart

Abbas İbrahimov: Kartlar vasitəsilə nağdsız ödənişlərin həcmi 25% artıb

Kartlar vasitəsilə təmassız ödənişlərin sayında isə 10 dəfədən çox artım müşahidə edirik.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov müsahibəsində bildirib 

O deyib ki,pandemiya bank sektoruna müəyyən müsbət təcrübələr də qazandırdı. Fiziki və hüquqi şəxslərdə, şirkət müştərilərimizdə yeni vərdişlər formalaşdı. Onlar indi xidmətlərdən məsafədən istifadə etməyə üstünlük verirlər. Daha çox rəqəmsal xidmətlərimizdən istifadə etməyə başlayıblar.  Ölkə üzrə həm fiziki şəxs, həm də hüquqi şəxs müştərilərin rəqəmsal xidmətlərdən istifadə səviyyəsi və nağdsız ödənişlərin həcmi kifayət qədər artıb. Əslində, bir il öncə heç təsəvvür belə etməzdik ki, nağdsız ödənişlərin həcmində və rəqəmsal həllərdən istifadədə bu qədər inkişaf olacaq. Bir neçə rəqəmdə fikrimi ifadə etməyə çalışım. Mobil tətbiqimizdən istifadə həcmi artıb. Hər ay yeni 70-80 min müştərimiz mobil tətbiqimizi yükləyir və istifadə etməyə başlayır.

Bank sədri ödənişlərin həcmi ilə bağlı açıqlama verərək "Kommunal ödənişlərdə son üç ayda ödənişlərin həcmi və sayı ötən dövrə nəzərən 2 dəfə artıb. Nağdsız ödənişlərlə bağlı bir məqamı nəzərə çatdırım: baxmayaraq ki, sərt karantin rejimində mağazaların bir çoxu fəaliyyət göstərmirdi, buna baxmayaraq kartlar vasitəsilə nağdsız ödənişlərin həcmi 25% artıb. Kartlar vasitəsilə təmassız ödənişlərin sayında isə 10 dəfədən çox artım müşahidə edirik. Pandemiya bizi də müsbət mənada məcbur etdi ki, öz rəqəmsal işlərimizi tezləşdirək, nəzərdə tutduğumuz layihələri daha tez müştərilərin xidmətinə təqdim edək. 2020-ci ilin ortalarında biz öz mobil tətbiqimizi tamamilə yenilədik və yeni simada müştərilərimizin xidmətinə təqdim etdik. Bunun da nəticəsində, təbii ki, bu göstəriciləri artırmağa nail ola bildik."-deyə qeyd edib.