BANK

13 Fevral

Azərbaycanda bu qurum “Clearstream” və “Raiffeisen Bank International” ilə danışıqlar aparır

Milli Depozit Mərkəzi (MDM) xarici depozitar təşkilatları və qlobal kastodianlarla qarşılıqlı əlaqələrin qurulması üzrə mütəmadi iş aparır.

Fins.az xəbər verir ki,bu barədə MDM-in məlumatında deyilir.

“Xarici bazarlara çıxışın təmin edilməsi yönündə MDM beynəlxalq depozitar təşkilatı olan “Clearstream” ilə həmin təşkilatda nominal saxlayıcı hesabının açılması üzrə ikitərəfli danışıqları davam etdirir. Həmçinin xarici kastodian “Raiffeisen Bank International” ilə nominal hesabın açılmasına dair danışıqlara başlanılıb”, - deyə məlumatda bildirilir.

MDM qeyd edir ki, “Clearstream” və “Raiffeisen Bank İnternational” kimi təşkilatlarda xarici hesabların açılması Azərbaycandakı investorların beynəlxalq bazarlara daha etibarlı platforma üzərindən çıxışını təmin etməklə yanaşı, bütövlükdə yerli maliyyə bazarının inkişafına dolayı şəkildə öz töhfəsini verəcək.

“Həmçinin xarici depozitarlarla əməliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən Türkiyə mərkəzi depozitarı “Mərkəzi Kayıt Kuruluşu”nda (MKK) MDM üçün nominal saxlayıcı hesabın açılması başlıca hədəflərdəndir. Eyni zamanda, xarici depozitarlar və kastodian banklar tərəfindən mərkəzi depozitarda nominal saxlayıcı hesabların açılması üzrə də tədbirlər görülür. Bu istiqamətdə Gürcüstan bankı olan “Bank of Georgia”nın MDM-də hesab açmasına dair qarşı tərəf ilə ikitərəfli danışıqlar müsbət nəticələnib. Yekun mərhələ olaraq yaxın zamanda hesabın açılması üzrə müqavilənin imzalanması gözlənilir”, – deyə məlumatda qeyd olunur.