BANK

29 Dekabr

2020-ci ildə “AccessBank” ölkənin 15 bölgəsində sahibkarlara dəstək oldu

Bakı 29 dekabr Fins.az

“AccessBank”, korporativ və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, bizneslərini qurmaq istəyən sahibkarlara bu il də dəstək oldu. Özünüməşğulluq proqramından ailə biznesini qurmaq istəyənlər, fiziki imkanları məhdud şəxslər və şəhid ailələrinin üzvləri olan sahibkarlar yararlandı. “AccessBank” gələcəyin sahibkarlarına biznesləri üçün zəruri olan avadanlıqları alaraq ianə etdi. Layihədən 15 bölgədən 27 sahibkar yararlana bildi. Özünüməşğulluq lproqramı Bakı və Abşeron da daxil olmaqla Sumqayıt, Gəncə, Ağdam, Mingəçevir, Yevlax, Qazax, Qusar, Salyan, Lənkəran və Astarada yaşayan sahibkarları əhatə etdi. Dəstək almış sahibkarlar sırasında dizaynerlər, musiqiçilər, fotoqraflar, gözəllik salonu sahibləri və s. yer aldı.

“AccessBank” cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış proqramın əsas məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır.

“Ölkədə özünüməşğulluğun inkişafına dəstək olmaq bizim üçün çox vacibdir: bu, mikro sahibkarlığı stimullaşdırmaqla yanaşı, işsizlik səviyyəsinin daha da azalmasına və bölgələrin inkişafına təkandır. Ümid edirik ki, bu layihə çərçivəsində yardım etdiyimiz sahibkarlar tezliklə bizneslərini inkişaf etdirmək və yeni əməkdaşlar cəlb etmək üçün bizə müştəri qismində müraciət edəcəklər.”- deyə “AccessBank”ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina vurğuladı.