BANK

29 Dekabr

Azərbaycanda banklar 1,2 milyard manat məbləğində krediti restrukturizasiya edib

Bakı 29 dekabr Fins.az

2020-ci ildə Azərbaycanda koronavirus COVİD-19 pandemiyadan təsirlənən əhali, biznes və maliyyə institutları üçün bir sıra tənzimləyici güzəştlər barədə qərarlar çərçivəsində banklar tərəfindən 1,2 milyard manat məbləğində krediti restrukturizasiya edilib.

Fins.az xəbər verir ki, bu barədə Azərnaycan Mərkəzi Bankından məlumat verilir.

“Banklar tərəfindən ilin ötən dövründə 50 min borcalanın 1.2 mlrd. manat krediti restrukturizasiya edilib. Restrukturizasiya olunmuş məbləğin 87%-i biznes, 9%-i istehlak, 4%-i isə ipoteka kreditlərinin payına düşüb. Həmçinin, banklar tərəfindən sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərə nağdsız ödənişlər üzrə xidmət haqlarına 50%-dək güzəşt tətbiq edilib”, -AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur. 

AMB qeyd edir ki, pandemiya nağdsız ödəniş infrastrukturundan istifadənin genişlənməsi və banklar tərəfindən təqdim edilən innovativ ödəniş xidmətlərinin çeşidinin artırılmasına gətirib.

“Belə ki, 11 ayda ötən ilin müvafiq dövrünə nəzərən ödəniş kartları vasitəsilə aparılan ölkədaxili nağdsız əməliyyatların həcmi 34%, təmassız ödənişlərin həcmi 5.2 dəfə, internet və mobil bankçılıq üzrə aparılan hesablaşmaların həcmi isə müvafiq olaraq 65% və 90% artıb”, - bəyanatda qeyd olunur.