BANK

15 Oktyabr

Sahibkarlar \"İpoteka və Kredit Zəmanət Fondu\"-nun zəmanəti ilə 145 mln. manatadək kredit əldə edib

2020-ci il ərzində İpoteka və Kredit Zəmanət Fondu (Fond) -nun zəmanəti ilə 75 mln. manatdan çox kredit ayrılması ilə bağlı qərar qəbul edilib. Ümumilikdə, bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 145 mln. manatadək kredit əldə edib.

Fins.az xəbər verir ki, həmin kreditlər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 19 mln. manatadək nəzərdə tutulub.

Məlumata görə, zəmanət verilmiş kreditlərin orta müddəti 29 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6% təşkil edib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2400-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Həmin müəssisələrdə çalışan işçilərin faktiki sayı 17 mindən çoxdur. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.

Qeyd edək ki, Fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması artıq yekunlaşıb və elektron sistem tam istifadəyə verilib. Elektron sistem bütün prosesin tam avtomatlaşmasına, tələb olunan sənədlərin elektron qaydada real vaxt rejimində əldə olunmasına və qısa vaxt ərzində (5 iş günü) müraciətə baxılaraq qərar qəbul olunmasına imkan verir. Nəticədə, avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edir.