Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) cari ilin 1 oktyabr tarixindən real rejimdə istismara verilib
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumata yayımlayıb
Məlumata görə, AÖS-ün əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində daha 2 bank sistemə inteqrasiya olunmuşdur. Belə ki, “Azər-Türk Bank” ASC və “TuranBank” ASC tərəfindən filial şəbəkəsi vasitəsilə müştərilərə AÖS-ün funksionallıqlarından istifadə imkanı təqdim edilmişdir. Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılmışdır.
Qeyd edək ki, hazırda 15 bank və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunmuşdur. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.
Müəllif:Aynur Qəniyeva