BANK

23 Avqust

Fitch -in kredit reytinqi barədə qərarına HÖKÜMƏTDƏN REASİYA

“Fitch” reytinq agentliyinin Türkiyənin kredit reytinqi üzrə proqnozunu “sabit”dən “mənfi”yə dəyişməsi qaz yataqlarına qarşı addımdır.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Nurəddin Canikli Tvitter hesabında yazıb.

“Bunun səbəbi çox sadədir. Təbii qaz ehtiyatı kəşfinin elan edilməsi çox müsbət bir atmosfer yaratdı. Bu atmosferin Türkiyə iqtisadiyyatı ilə bağlı müsbət gözləntiləri əks etdirməsi qaçılmazdır. Bu nöqtədə “Fitch” araya girir və iqtisadi gözləntilərin yaxşılaşmasına mane olmağa çalışır. Agentliyin açıqlamasındakı məqamlar bu gün ortaya çıxmayıb. Aylar əvvəl planlaşdırılıb. “Fitch”in bu bəyanatı Co Baydenin Ərdoğanı devirmək üçün müxalifətə dəstək verəcəyi ilə bağlı açıqlamasından fərqlənmir. Deməli, bunlar hədəflərinə çatmaq üçün Türkiyə iqtisadiyyatı üzərindən əməliyyat keçirməkdən əl çəkməyiblər. Onsuz da bu günə kimi nəticə əldə edə bilməyiblər”, - N.Canikli bildirib.

Qeyd edək ki, agentlik Türkiyənin valyuta ehtiyatlarında tükənmə olduğunu açıqlayıb. Bildirilir ki, cari ildə Türkiyə iqtisadiyyatı 3,9% kiçiləcək.