Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə “Azərbaycanda Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsinin icrasına start verilmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə IFC arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
Fins.az xəbər verir ki, layihə çərçivəsində bank məhsul və xidmәtlәrinin əlçatanlığı üzrə normativ hüquqi bazanın yaradılması, açıq bankçılıq yanaşmasının tətbiqi ilə bağlı yol xəritəsinin hazırlanması, Ani Ödənişlər Sisteminin fəaliyyəti, habelə məsafədən identifikasiya olunmaqla bank məhsul və xidmətlərin (bank hesabının açılması, kredit alınması) əldə edilməsi imkanlarının yaradılması üzrə hüquqi aktlara dair tövsiyələrin hazırlanması kimi istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur.
Eyni zamanda, bank və müəssisələrin innovativ maliyyə xidmətlərini və məhsullarını sınaqdan keçirməyə imkan verən xüsusi tənzimləyici test rejiminin yaradılması məqsədilə birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihənin ölkədə maliyyə xidmətləri və ödəniş sistemlərinin inkişafı, bank xidmətlərindən məhdud istifadə edən və ya xidmətlərə çıxışı olmayan əhalinin yaşadığı ucqar ərazilərdə daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi və bununla da ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağı planlaşdırılır.
Müəllif:Aynur Qəniyeva