BANK

11 İyul

Mərkəzi Bankdan açıqlama : Problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki,...

Bankların lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə Mərkəzi Bank və ƏSF banklar tərəfindən əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdiklərini aşkar ediblər
Fins.az xəbər verir ki, Mərkəzi Bank bu barədə məlumat yayımlayıb.
Məlumatda bildirilir ki, bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.
Belə ki,Maliyyə Bazarlarına Nəzarət Palatasının 28 dekabr 2018-ci il tarixində tətbiq etdiyi təshih tədbiri pozularaq “NBC Bank” ASC tərəfindən qorunan əmanətlərin həcminin əhəmiyyətli məbləğdə artırılması faktı Mərkəzi Bank tərəfindən nəzarət orqanı səlahiyyətləri təhvil alındıqdan sonra aşkar edilmişdir. Bununla əlaqədar, 27 yanvar 2020-ci il tarixində fiziki şəxslərdən depozitlərin qəbulunun tam dayandırılmasına dair əlavə təshih tədbiri tətbiq edilmişdir. Lakin, “NBC Bank” ASC tərəfindən əlavə təshih tədbirinə də riayət edilməmiş, Mərkəzi Banka, eləcə də ƏSF-yə bilərəkdən yanlış hesabat verilmiş və bu faktlar Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçı tərəfindən müəyyən olunmuşdur. Bankın lisenziyasının geri çağırılması zamanı kapital yetərsizliyi və digər amillərlə yanaşı məhz bu amil də əsas olaraq götürülüb

“Ata Bank” ASC üzrə fiziki şəxslərdən müddətli depozitlərin qəbulunun dayandırılması ilə bağlı tətbiq olunmuş təshih tədbiri 2019-cu ilin 23 iyul – 12 sentyabr tarixləri aralığında qüvvədə olmuşdur. Ləğvetmə prosesində ƏSF tərəfindən müəyyən olunmuşdur ki, Bank tərəfindən pozuntuya yol verilərək həmin dövrdə müddətli əmanətlərin qəbulu aparılıb.

10 oktyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “AG Bank” ASC-yə qarşı fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu və qorunan əmanətlərin həcminin artımının məhdudlaşdırılması ilə bağlı təshih tədbirləri tətbiq olunmuşdur. Maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri Mərkəzi Banka keçdikdə qorunan əmanətlərın həcmi müəyyən edilmiş limitdən aşağı olmuşdur. Bununla belə, ƏSF tərəfindən reyestrin qəbulu və kompensasiyaların ödənilməsi prosesində fərdi müqavilələrin təhlili zamanı “AG Bank” ASC tərəfindən bağlanmış faizli tələbli müqavilələr əvəzinə müddətli müqavilələrin qəbulu aşkar edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq bu əmanətlər bloklaşdırılmışdır. Bu da faktiki olaraq bank tərəfindən təqdim olunmuş hesabatlığın təhrif olunması anlamına gəlir. Faktiki olaraq Bank öz hesabatlarında təshih tədbirinin qüvvədə olduğu müddət ərzində müddətli əmanət qəbul etmədiyini əks etdirsə də, bu dövr ərzində faizli tələbli əmanət kimi rəsmiləşdirilərək qəbul olunmuş əmanətlər üzrə müqavilələrdə vəsaitlərin müəyyən edilmiş müddətdən əvvəl hesabdan məxaric edilməsi zamanı, həmçinin əmanətin müəyyən olunmuş məbləğdən aşağı düşdüyü hallarda hesablanmış faizlərin ödənilməməsi barədə şərt nəzərdə tutulub.Bu səbəbdən də həmin müqavilələr hüquqi baxımından müddətli əmanət kimi təsnifləşdirilmişdir və qanunvericiliyə uyğun olaraq kompensasiya ödənişi dayandırılıb
Bildiririk ki, eyni xarakterli problemlərə ötən dövrlərdə də rast gəlinmişdir. Belə ki, 2017-ci ilin dekabr ayında bank lisenziyası geri çağırılmış “Dəmirbank” ASC-də 27.09.2017-ci il tarixindən tətbiq olunmuş təshih tədbirindən sonra bir sıra qanun pozuntularına yol verilməsi faktı aşkar edilmişdir. O zaman bu məsələ ilə bağlı ƏSF Azərbaycan Resublikasının Nazirlər Kabinetinə məktub ünvanlamış və Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin mövcud məsələ ilə bağlı qərarından sonra əmanətçilərə depozitlərin kompensasiya edilməsi təmin edilmişdir.
“Dəmirbank” ASC üzrə hüquqi presedent nəzərə alınaraq sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların tam verilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə ƏSF tərəfindən zəruri hüquqi prosedurlara başlanılıb.

Müəllif:Aynur Qəniyeva