BANK

11 İyul

Bağlanmış bankların əmanətçilətinə 30 min manatdan çox məbləğdə olan əmanətlərin qaytarılacağı vaxt açıqlanıb -RƏSMİ

"AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin  əmanətçilərinə 15 iyul 2020-ci il tarixindən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə start veriləcək.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 1 iyun 2020-ci il tarixindən etibarən “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, 1 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılmışdır.
16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.
Məlum olduğu kimi, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, habelə tənzimləyici orqanlara təqdim olunan hesabatları təhrif etdiklərinə görə “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilmişdir və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel və 14 may 2020-ci il tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedici təyin edilib.
Bağlanmış banklar üzrə ödhəliklərin reyestri ƏSF-yə ötürülmüşdür. Qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılmışdır. Fondun Himayəçilik Şurasının qərarına əsasənqorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində“Atabank” ASC və “Amrahbank” ASC üzrə “Kapitalbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilmişdir.
10 oktyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “AG Bank” ASC-yə qarşı fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu və qorunan əmanətlərin həcminin artımının məhdudlaşdırılması ilə bağlı təshih tədbirləri tətbiq olunmuşdur. Maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri Mərkəzi Banka keçdikdə qorunan əmanətlərın həcmi müəyyən edilmiş limitdən aşağı olmuşdur. Bununla belə, ƏSF tərəfindən reyestrin qəbulu və kompensasiyaların ödənilməsi prosesində fərdi müqavilələrin təhlili zamanı “AG Bank” ASC tərəfindən bağlanmış faizli tələbli müqavilələr əvəzinə müddətli müqavilələrin qəbulu aşkar edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq bu əmanətlər bloklaşdırılmışdır. Bu da faktiki olaraq bank tərəfindən təqdim olunmuş hesabatlığın təhrif olunması anlamına gəlir. Faktiki olaraq Bank öz hesabatlarında təshih tədbirinin qüvvədə olduğu müddət ərzində müddətli əmanət qəbul etmədiyini əks etdirsə də, bu dövr ərzində faizli tələbli əmanət kimi rəsmiləşdirilərək qəbul olunmuş əmanətlər üzrə müqavilələrdə vəsaitlərin müəyyən edilmiş müddətdən əvvəl hesabdan məxaric edilməsi zamanı, həmçinin əmanətin müəyyən olunmuş məbləğdən aşağı düşdüyü hallarda hesablanmış faizlərin ödənilməməsi barədə şərt nəzərdə tutulmuşdur. Bu səbəbdən də həmin müqavilələr hüquqi baxımından müddətli əmanət kimi təsnifləşdirilmişdir və qanunvericiliyə uyğun olaraq kompensasiya ödənişi dayandırılmışdır.
 
Bildiririk ki, eyni xarakterli problemlərə ötən dövrlərdə də rast gəlinmişdir. Belə ki, 2017-ci ilin dekabr ayında bank lisenziyası geri çağırılmış “Dəmirbank” ASC-də 27.09.2017-ci il tarixindən tətbiq olunmuş təshih tədbirindən sonra bir sıra qanun pozuntularına yol verilməsi faktı aşkar edilmişdir. O zaman bu məsələ ilə bağlı ƏSF Azərbaycan Resublikasının Nazirlər Kabinetinə məktub ünvanlamış və Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin mövcud məsələ ilə bağlı qərarından sonra əmanətçilərə depozitlərin kompensasiya edilməsi təmin edilib.
“Dəmirbank” ASC üzrə hüquqi presedent nəzərə alınaraq sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların tam verilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə ƏSF tərəfindən zəruri hüquqi prosedurlara başlanılmışdır.
Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür