BANK

05 May

Rəqəmsal ödəniş kartlarına tələb artıb

Rusiya Federasiyasında koronavirus pandemiyası və karantin rejiminin məhdudiyyətləri səbəbindən istehlakçıların rəqəmsal ödəniş kartlarına meyilliliyi artıb. Rəqəmsal ödəniş kartlarını cəlb edici edən əsas səbəblərdən biri fiziki şəkildə mövcud olmaması və ödənişlərin həyata keçirilməsi üçün tələb edilən toxunuşların daha az olmasıdır. Bu isə, pandemiya dövründə vətəndaşların virusa yoluxma ehtimalını qismən də olsa azaltmağa müvəffəq olur. Virtual kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün Rusiyada ən çox istifadə edilən ödəniş tətbiqetmələri “Apple Pay”, “Samsung Pay” və “Mir Pay” olub.

Rusiyanın ən böyük bankı olan “Sberbank”da virtual ödəniş kartı üçün mart ayında edilən müraciətlər ötən ilin mart ayı ilə nisbətdə üç dəfə çoxdur. Qeyd edək ki, bank 2018-ci ildən virtual kartların buraxılışına başlayıb.

“VTB Bank” aprel ayında virtual kartlara olan tələbatın mart və fevral aylarına nisbətdə 10% çox olduğunu açıqlayıb. “Русский Стандарт” bankı isə mart ayında fevral ayına nisbətdə 26.89% çox virtual ödəniş kartı istifadəyə verdiyini bildirib.

“Visa” və “MasterCard” şirkətləri də ödəniş sistemlərində virtual kartlardan istifadənin artdığını bildiriblər. “Visa” şirkətinin Rusiya regionu üzrə vitse-prezidenti Yura Topunov ölkədə 20-dən çox bankın virtual kart istifadəyə verdiyini və hal-hazırda aktiv istifadədə olan virtual kartların sayının milyonu ötdüyünü açıqlayıb. Rusiya Federasiyasında hazırda mövcud olan plastik kartların sayı isə 285 milyondan artıqdır.

Rusiyanın ödəniş texnologiyaları şirkəti “QIWI” və virtual kart buraxılışının banklar üçün innovativ olmaqla yanaşı, həm də sərfəli olduğunu açıqlayıb. Belə ki, hesablamalara görə, bir plastik kartın buraxılışı kartın materialı və dizaynından asılı olaraq 30-100 (0.40-1.30 dollar) rubl arasında dəyişə bilər. Avadanlıq və işçi heyətinə çəkilən xərcləri hesaba aldıqda isə bu məbləğ 6.65 dollara (500 rubl) qədər arta bilər. Virtual ödəniş kartlarının buraxılışı zamanı isə hər kart üçün çəkilən xərclər 2 dollar (150 rubl) həcmində azalır.

(c)BBN