BANK

16 Mart

\"Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir\"

“Qeyri-formal məşğulluqla bağlı mənim müvafiq göstərişlərim yerinə yetirilir. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məruzələr edilir. Mənə verilən məlumata görə, son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanmışdır. Yəni, bu işlər rəsmiləşdirilmişdir”.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib

Prezident, “Burada, əlbəttə ki, çox ciddi monitorinq tədbirləri keçirilməlidir” deyərək sözlərinə belə davam edib:

-Bu, məsələ ilə bağlı sizə müvafiq göstərişlər verilmişdir. Eyni zamanda, sistem xarakterli, institusional tədbirlər də nəzərdə tutulur ki, qeyri-rəsmi məşğulluğun əhatə dairəsi daralsın. Əlbəttə ki, burada maarifləndirmə də xüsusi rol oynayır. Mən də bir neçə dəfə vətəndaşlara müraciət edərək demişdim ki, əgər hansısa sahibkar onlara bu formada işləmək təklif edirsə, buna razı olmasınlar, dərhal müvafiq yerli və mərkəzi icra orqanlarını məlumatlandırsınlar. Çünki əgər qeyri-rəsmi işləyəcəklərsə, sabah onların nə pensiyası, nə də sosial sığortası olacaq, xüsusilə nəzərə alsaq ki, bu ildən başlayaraq ölkə ərazisində icbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq olunur. Mənə verilən məlumata görə, həm pilot şəhərlərdə, həm də bu il başlanmış bu işə əhali tərəfindən çox böyük dəstək, böyük maraq var. Ona görə belə təkliflərdən vətəndaşlar özləri imtina etməlidirlər. Amma bəzi hallarda çarəsiz qalırlar. Bəzi hallarda məcbur olub sahibkarların qanunsuz təkliflərinə razılıq verir, qeyri-formal işləyirlər.

 

Ona görə maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Eyni zamanda, göstəriş vermişəm ki, Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız. Bilirəm ki, bu istiqamətdə işlər aparılır. Bilmək istərdim ki, o işlər nə yerdədir?

Sahil Babayev: Cənab Prezident, qeyri-formal məşğulluqla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Sizin təsdiq etdiyiniz müxtəlif fərman və sərəncamlar çərçivəsində qeyri-formal məşğulluğun azaldılması üçün ən ciddi stimullar yaradılıb. Məsələn, vergi güzəştləri tətbiq olunub, eyni zamanda, inzibati tədbirlər gücləndirilib. Bu tədbirlərin müsbət dinamikası ötən il çox ciddi şəkildə özünü göstərdi. Təkcə bir il ərzində özəl sektorda əmək müqavilələrinin sayı 100 min artdı. Həmçinin dövlət sektorunda əlavə olaraq 53 min artım oldu. Bu çox ciddi tədbirlər nəticəsində əməkhaqqı fondu birbaşa 42 faiz artdı. Bu, əməkhaqqı fondunda 42 faiz leqallaşma deməkdir. Bu, həm iqtisadiyyata, həm pensiya-sosial təminatına, həm də kölgə iqtisadiyyatının azaldılmasına ciddi dəstəkdir. Bu müsbət dinamika davam edir. Mən bu günə olan statistikaya əsasən deyə bilərəm ki, yanvarın 1-i ilə bu gün arasında əmək müqavilələrinin sayında 19 min 400 artım var.

Prezident İlham Əliyev: Əlavə?

Sahil Babayev: Bəli, əlavə olaraq. Əməkhaqqı fondunda da 5 faizlik artım var. Cənab Prezident, özəl sektorda bu müsbət dinamika davam etdiyi təqdirdə, bunun həm iqtisadi səmərəsi çox geniş olacaqdır, eyni zamanda da vətəndaşların sosial təminatı güclənəcəkdir.

Bu istiqamətdə təbliğatla bağlı çoxsaylı videoçarxlar çəkilib, çoxsaylı pres-relizlər təqdim olunub. Şəhərin müxtəlif yerlərində bannerlər yerləşdirilib. Ötən il 50-dən artıq tədbir keçirilib, builki proqramımızda isə 100-dən çox tədbirin təşkili nəzərdə tutulur. Müxtəlif rayonlardan, regionlardan işəgötürənlər, həmkarlar ittifaqlarının nümayəndələri dəvət olunaraq onlarla ciddi təbliğat işləri aparılacaq. Paralel olaraq “Çağrı” mərkəzimiz tam gücü ilə işləyir. Ötən il 280 min müraciət qəbul etmişik. Ehtimal edirik ki, bu il bizim “Çağrı” mərkəzimiz 400 mindən çox müraciət qəbul edəcək. Biz müraciət və şikayətlərə, ilk növbədə, ətraflı izahat veririk. Pozuntularla bağlı işəgötürənlərə xəbərdarlıqlar göndəririk. Xəbərdarlıqlara riayət etməyənlərə cərimələr tətbiq edirik.

 

Cənab Prezident, məruzə edim ki, Sizin müvafiq fərman və sərəncamlarınızla minimum əməkhaqqı artdıqdan sonra bir ay ərzində təqribən 300 mindən çox şəxsin əməkhaqqı hələ də əvvəlki kimi qalmışdı. Onlarla ciddi təbliğat işləri apardıq, elektron xəbərdarlıq göndərdik, cərimələr barədə məlumat verdik. Nəticədə qısa müddət ərzində 300 min rəqəmi 50 mindən aşağı düşdü. Beləliklə 250 min insanın əmək müqavilələrində müvafiq düzəlişlər edildi. Bu işlər mütəmadi və davamlı olaraq aparılacaq. Əlbəttə, xəbərdarlıqlara məhəl qoymayan, bildirişləri nəzərə almayan işəgötürənlərlə bağlı ciddi tədbirlər görüləcək.