BANK

20 Yanvar

“Azərbaycanda mikrokredit alanların 30%-i qadınlardır”

Hazırda Azərbaycanda 200 minə yaxın insan mikromaliyyə xidməti ilə əhatə olunub ki, bunun 30%-i qadınlardır.

Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA)  icraçı direktoru Jalə Hacıyeva məlumat verib. Onun sözlərinə görə, devalvasiyadan öncəki dövrdə bu göstərici 600 min nəfərin 30%-i səviyyəsində olub.

“Assosasiya üzvləri daha çox kənd yerlərində işləyənlər olduğu üçün daha çox 5 min manatadək məbləğlər üstünlük təşkil edir. Bundan yüksək məbləğlərə təsadüfi hallarda şəhər yerlərində rast gəlinir. Qadınlara daha çox 1-2 min arası məbləğlər lazım olur, çünki onların biznesləri çox böyük olmur və həm də yığım yönümlüdürlər.”,-deyə icraçı direktor qeyd edib.

J.Hacıyeva həmçinin kənd təsərrüfatında kooperativlərin təşviq edilməsi istiqamətində işləmək istədiklərini bildirib.

“Sahibkarlar arasında kooperasiyanın inkişafı istiqəmətində işləyirik. Hazırda kooperativ barədə maarifləndirmə təlimləri həyata keçiririk. Təlimdə kooperativi qurmağın əsaslarını öyrədirik. 4-5 ay sonra hansı sahədə kooperativlərin yaradılmasını müşahidə etmək üçün monitorinq aparacağıq. Biz hələlik ancaq təməl bir təlim verdik. Bu təlim kooperativlərin institutsional inkişafına toxunmadı, sadəcə, yaradılması ilə bağlı oldu. Ancaq bu uğurlu olarsa, növbəti layihələrdə ölkədə, xüsusilə də kənd təsərrüfatında, regionlarda kooperativin təşviq edilməsi istiqamətində işləmək istəyirik. Çünki bu imkan verir ki, müxtəlif bacarıqlı insanlar bir araya gəlib və müəyyən ümumi bir məqsəd üçün işləsinlər. Müştərək iş də daha uğurlu və dayanıqlı olur.”,- deyə J. Hacıyeva qeyd edib.                          ©  Apa