Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva maliyyə sektorundakı bərabərsizliyin və qeyri-sabitliyin yayılması ilə əlaqədar yeni qlobal iqtisadi böhran dövrü barədə xəbərdarlıq edib.
Məlumata görə, Vaşinqtondakı Peterson Dünya İqtisadiyyatı İnstitutunda çıxış edən K.Georgiyeva son iyirmi il ərzində ölkələr arasındakı gəlir uçurumunun azaldığını, lakin əhalinin müxtəlif qrupları arasında “daxili” bərabərsizliyin böyüməyə davam etdiyini qeyd edib.
O, nümunə kimi ən varlı sakinlərinin 10 faizinin var-dövlətinin əhalinin yoxsul hissəsinin ümumi gəlirləri qədər olan Böyük Britaniyanı göstərib. K.Georgiyevanın sözlərinə görə, oxşar vəziyyət gəlir bərabərsizliyinin artıq rekord həddə çatdığı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan bir çox ölkələrdə müşahidə olunur.
"Müəyyən mənada bu həyəcanverici tendensiya XX əsrin əvvəllərində texnologiyanın inkişafı və inteqrasiya ilə yaranan “qızıl əsr”i və ardından maliyyə fəlakətinə səbəb olan vəziyyəti xatırladır”, - BVF rəhbəri söyləyib.
Qeyd edək ki, ABŞ-da XIX əsrin sonunda vətəndaş müharibəsindən sonra yaşanan iqtisadi və demoqrafik təkan dövrü “qızıl əsr”, Birinci Dünya müharibəsindən sonra iqtisadiyyat və mədəniyyətin çiçəkləndiyi onillik isə “uğultulu iyirmilər” adlanır. Bundan sonra ABŞ-da böyük depressiya dövrü başlayıb.
(C)Report