BANK

17 Yanvar

Azərbaycan 2020-ci ildə bu növ kreditlər üzrə faiz dərəcələrini AZALDACAQ

Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nı təsdiq edib.

Plana əsasən, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsini tapşırıb.

Bundan əlavə, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə aprel ayınadək xarici borcun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası, o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

O cümlədən, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mərkəzi Bank aprel ayınadək “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri təqdim etməlidir.

Həmçinin, Mərkəzi Banka 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Yanvarın 13-də keçirilən müşavrədə prezident İlham Əliyev deyib ki, Azərbaycanın bank sektoru daha çox iqtisadiyyatın real sektorunu kreditləşdirməlidir. Əliyev vurğulayıb ki, bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir və “bank sektorundan heç bir sürpriz olmamalıdır”.