BANK

14 Yanvar

Prezidentdən «şübhəli kreditlər» - BARƏDƏ TAPŞIRIQ

«Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır».

Fins.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan iclasda bildirib.

Dövlət başçısı bildirib ki, nəzarət edici qurumlar xüsusilə banklmr tərəfindən şübhəli kreditlərin verilməsinə nəzarəti artırmalıdırlar:

«O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir. Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər».