Azərbaycanda iş adamlarına dövlət tərəfindən, yəni Sahibkarlığın İnkişafı Fondunun xətti ilə ayrılan kreditlərin faiz dərəcəsin aşağı salınacaq.
Fins.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 13-də keçirilən toplantıda tapşırıq verib.
İclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov uçot dərəcəsinin 15%-dən 7,5%-ə enməsi barədə məlumat verib və bildirib ki, bu enmə nəticəsində kredit faizləri də aşağı düşüb: «Biz bu siyasətin ümumi faizlərə də təsirini görürük. Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük. Təxminən 16 faizdən 11 faizə düşüb».
Prezident İlham Əliyv isə bildirib ki, bu azalma nəticəsində bank kreditlərinin faizləri İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun kredit faizlərinə yaxınlaşıb: «İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır».
Xatırladaq ki, hazırki şərtlərə əsasən, Sahibkarlığın İnkişafı Fondundan güzəştli şərtlərlə kiçikhəcmli kreditlər (5-50 min manat), ortahəcmli kreditlər (50 min -1 milyon manat) və böyükhəcmli kreditlər (1 milyon–10 milyon manat) götürmək mümkündür. Kiçikhəcmli kreditlər 3 ilədək, ortahəcmli kreditlər 5 ilədək, böyükhəcmli kreditlər isə 10 ilədək verilə bilər.
Sahibkarlığın İnkişafı Fondunun kreditləri kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.
© FED