BANK

18 Oktyabr
19

İbrahim Alışov Qırğızıstanın ədliyyə nazirinin müavini İlə görüşüb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə ölkəmizdə təlim səfərində olan Qırğızıstanın ədliyyə nazirinin müavini Esenaliev Maksatbekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Palata məlumat yayımlayıb

Məlumatda bildilir ki, Görüş zamanı DƏYDR-in kiçik və orta biznes subyektlərinin maliyyə əlçatanlığına verdiyi töhfə, paralel həyata keçirilmiş digər islahatlar müzakirə edilib.Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Qırğızıstan nümayəndə heyətini salamlayaraq Azərbaycanın daşınar əmlakın yüklülüyü istiqamətindəki təcrübəsinin Qırğızıstanda maraqla qarşılanmasından məmnunluğunu ifadə edib və nümayəndə heyətinin səfərinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü ərəfəsində keçirilməsinin xoş təsadüf olduğunu vurğulayıb.

Daha sonra, İ.Alışov Palatanın yaradılmasını zəruri edən amillər, maliyyə bazarları sahəsində səmərəliliyin artırılması və bazarın effektivliyinin yüksəldilməsi məqsədilə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks islahatların davamı kimi 3 təsisatın – İpoteka və Kredit Zəmanət Fondu, Özəl Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin yaradılması barədə məlumat verib. Xüsusi olaraq bildirilib ki, bu 3 təsisatın yaradılması ölkədə kredit əlçatanlığına müsbət təsir göstərməklə yanaşı, ölkəmizin Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında 10 ən islahatçı ölkədən biri olması, ölkələrin sıralamasında 100 pillə irəliləyərək 122-ci yerdən 22-ci yerədək yüksəlməsi ilə nəticələnmişdir.

Bundan əlavə, DƏYDR-in yaradılması ilə KOB subyektləri üçün əsas aktiv qismində daşınar əmlakı girov qoymaqla öz sahibkarlıq fəaliyyətlərini genişləndirmək baxımından yeni imkanların yarandığı, kredit əlçatanlığının sadələşdirildiyi qeyd olunub, islahatlar nəticəsində müşahidə olunan müsbət trendlər statistik rəqəmlərlə qonaqların diqqətinə çatdırılıb. Vurğulanıb ki, yaradıldığı vaxtdan indiyədək Reyestrə onlayn qaydada 40 mindən çox bildiriş daxil edilmiş və bu sistem vasitəsilə daşınar əmlaklar girov qismində çıxış edərək KOB subyektlərinə kreditlər verilmişdir.

Öz növbəsində, Esenaliev Maksatbek qonaqpərvərlik üçün Palata rəhbərliyinə təşəkkür edərək Azərbaycanda qısa müddətdə əldə edilən uğurların Qırğızıstanda yüksək qiymətləndirildiyini bildirib. Daha sonra, M.Esenaliyev Qırğızıstanda girov qeydiyyatı üzrə görülmüş işlər, elektronlaşma barədə məlumat verib və Azərbaycanın DƏYDR təcrübəsinin beynəlxalq təşkilatlar tərəfindən Qırğızıstan üçün ən optimal təcrübə olduğunu, bu təcrübədən yararlanmaqda maraqlı olduqlarını ifadə edib.