Bank

18 October
3

Palata narazılıqlarla əlaqədar məlumat yaydı

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar 602 min vətəndaşın kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən edilmişdir.

Eyni zamanda, Fərman çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinən faiz və dəbbə pullarının həcmi 204.9 milyon manatdan çox təşkil etmişdir.

42 min borcalanın kreditləri tamamilə bağlanmış, problemli kreditlərin illik 1% olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılmışdır.

01.10.2019-cu il tarixinə 76 334 borcalanın 153.8 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilmişdir. Qeyd edək ki, restrukturizasiya prosesi cari ilin sonunadək davam edəcəkdir.

Bunlarla yanaşı, hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Apellyasiya Komissiyası yaradılmışdır. Vətəndaşların onlayn qaydada müraciət etmək imkanlarının təmin edilməsi məqsədilə Apelyasiya Komissiyasının elektron portalı (www.ak.fimsa.az) da istifadəyə verilmişdir. Müraciətlərin edilməsi prosesində vətəndaşların rahatlılığının təmin olunması nəticəsində ilkin dövrlərdə Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmuşdur. Xüsusilə, cari ilin aprel-may aylarında Apellyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35 917, müraciətçilərin sayı isə 25 704 olmuşdur. Müraciətlərin çoxluğuna və əksər hallarda fərdi qiymətləndirməyə zərurətin yaranmasına baxmayaraq, həmin dövrdə edilmiş bütün müraciətlər cavablandırılmışdır.

Bütövlükdə, 15.10.2019-cu il tarixinə Apellyasiya Komissiyasına 27 384 nəfər vətəndaşdan müraciət daxil olmuşdur ki, bunlardan 27 095 vətəndaşın müraciəti cavablandırılmış, 289-u isə hazırda Apellyasiya Komissiyasında baxılma mərhələsindədir.