05 Noyabr

Dərmansız sağlam meyvə yetişdirmək mümkündürmü? -MÜSAHİBƏ

Fins.az “Amoris” MMC-nin həmtəsisçisi Bəxtiyar Babayevlə olan müsahibəni təqdim edir.

– Əhalidə belə bir fikir formalaşıb ki, sağlam meyvə görünüşcə gözəl ola bilməz. Dərmansız gözəl meyvə yetişdirmək mümkündürmü?

– Səsləndirdiyiniz “gözəl ola bilməz” ifadəsini qəbul etmək istəməzdim. Təbiətdə var olan hər bir şey “əsil”dirsə, o gözəldir. Odur ki, qiymətləndirəcəyiniz şeydə ilk öncə “əsil”dirmi sualına cavab axtaracaqsınız. Bu dediklərim Tanrının yaratdığı canlı-cansız hər şeyə aiddir.

Sizlərin gözəl görünüşə malik olan meyvə kimi gördüyünüz meyvə onun özüdür, sadəcə meyvədir,“əsil”dir. Onlar müxtəlif qoruyucu vasitələrdən istifadə etməklə isə bu gözəlliyə xələl gətirmək istəyən kənar təsirlərdən mühafizə olunur. Müasir bağçılıqda ziyanvericilərə qarşı mübarizə sistemli xarakter daşıyır, daimi təkmilləşdirilən bioloji, aqrotexniki və ən sonda kimyəvi üsullardan istifadə edilir. Məsələn, siz yəqin ki, “uğur böcəyini” (божьи коровки) tanıyırsız. Bu böcək bioloji mübarizə vasitələrindən biridir, qanlı gənənin yumurtalarını yeyir. Siz, nə üçün ağacların gövdələrinin ağ əhənglə boyandığını bilirsiniz, yəqin. Bu aqrotexniki qulluqla mübarizə vasitəsidir. Modern bağçılıqda istifadə olunan qoruyucu kimyəvi vasitələr də insan sağlamlığı üçün qorxulu deyil, Avropanın bu sahənin ən qabaqcıl istehsalçıları olan “Bayer”, “Syngenta” kimi firmalarının məhsullarıdır.

– Müasir dünyada qida sektorunun ən böyük bəlalarından biri GMO-dur. Məhsuldarlığın artırılması və meyvə-tərəvəzin daha gec xarab olması üçün geni dəyişdirilir. Siz də toxum və tingləri xaricdən gətirirsiz. Bunun qarşısını necə alırsız?

– GMO ilə əlaqədar onu deyə bilərəm ki, Azərbaycan Respubilkasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin, genetik materialların gətirilməsi, rayonlaşdırılması və dövlət reyesterinə daxil edilməsi qanunla qadağandır. Buna bir neçə dövlət orqanları çox ciddi nəzarət edir ki, bununla onlar bugünkü və gələcək nəsil insanlarımızın genetik sağlamlığıının keşiyində durmuş olurlar.

Meyvələrin uzun müddət xarab olmadan necə saxlanmasına gəlincə, bu məsələnin daha maraqlı tərəfidir. Görünən odur ki, bir çox vətəndaşlarımız da meyvələrin uzun müddət xarab olmadan saxlanılmasını onların genetikasına edilən kənar müdaxilə ilə əlaqələndirirlər. Amma bu yanlış təsəvvürdür.

Kənd təsərrüfatı istehsalçılarının əsas məqsədi yüksək keyfiyyətli məhsul istehsal etmək və ən əlverişli qiymətə reallaşdırılmasıdır. Bu baxımdan, meyvələrin yığımdan sonra xüsusi kameralarda saxlanılması, çeşidlənməsi, qablaşdırılması və satışa çıxardılması bir müddət tələb edir ki, bunların hamısı məhsulların rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq və daha çox gəlir əldə etmək imkanı verir. Modern bağçılıqda intensiv üsulla yetişdirilən məhsullar yığıldıqdan sonra hissə-hissə sonrakı yeddi-səkkiz ayda satılır ki, bu müddətdə meyvələr xüsusi anbarlarda saxlanılmalıdır.

Digər canlılarda olduğu kimi meyvələrin də yaşam müddəti var. Bu müddət dərim ilə başlayır və xarab olana kimi davam edir. Bu zaman baş verən biokimyəvi proseslər onun əhatə olunduğu temperaturdan asılı olur.Yüksək temperatur şəraitində daha sürətli maddələr mübadiləsi gedir ki, nəticədə nəmişlik, vitaminlər və digər üzvi maddələr itirilir. Sadə dillə desək, meyvə daha tez “qocalaraq” yararsız hala düşür. Bu səbəbdən daha uzun müddətə saxlanılacaq meyvələrin yığımdan dərhal sonra soyudulması çox vacibdir. Soyuducuya yerləşdirilmiş meyvənin uzun müddət saxlanılmasını təmin edən ən mühüm proseslər “tənəffüs” və “transpirasiya” prosesləridir (transpirasiya – bitkinin, meyvənin bədənində suyun hərəkəti). Buna görə də ən münbit temperatur rejimi yaradılmalıdır ki, tələb olunan nəmlik, oksigen və karbon dioksidinin optimal konsentrasiyası olsun, hasil olan etilenin çıxarılması təmin olunsun. Bu isə nəzarət olunan qaz mühitinə malik soyuducularda (CA-nəzarətli atmosfer, ultra aşağı oksigen tərkibli ULO-Ultra Low Oxygen) əldə edilir. Oksigenin aşağı olduğu mühitdə isə meyvənin tənəffüs alma intensivliyi kəskin azalır ki, bununla onun daha uzun müddətə daha keyfiyyətli saxlanılması təmin edilir.

“Amoris” MMC öz bağlarından yığdığı məhsullarını 10 min tona qədər tutumu olan kameralara malik ULO sistemli soyuducu anbarda saxlayır “o gözəl meyvələri” dəyərli vətəndaşlarımızın süfrəsinə təqdim edir.

– Azərbaycan xarici meyvə-tərəvəzçiləri istehsalçılarla rəqabət apara bilirmi?

– Azərbaycan təzə müstəqillik qazandığı illərdə bir neçə ölkədən çox miqdarda meyvə tərəvəz idxal edərdik. “Amoris” firması və onun məhsulları mənim o illərdə xəyalımda yaratdığım bugünkü həqiqətdir və bu işə 25 ildən çox əmək vermiş birisi olaraq mən deyirəm ki, bizim məhsullarımızın keyfiyyəti xarici bazarlarda təqdim olunan məhsullardan üstündür. Bizim məhsullar daim rəqiblərindən seçilir, hətta Rusiyada belə digər məhsullardan baha satılır. Ona görə ki, heç bir hormondan istifadə etmirik, məhsullarımız həm dadlıdır, həm də halaldır.

– Məhsullarınızın neçə faizini xarici bazarlara çıxarırsınız?

“Amoris” məhsullarının 75-80 faizini xarici bazarlara çıxarır. Amma bizim üçün məhsul ixrac etmək nə qədər sərfəli olsa belə daxili bazarın tələbinə görə təmin edilməsinin vacibliyini də diqqətdə saxlayırıq. Axı bizim daxili bazar alıcılarımızla da müqavilələrimiz var. Məhsul qıtlığı yaratsaq günah etmiş olarıq.

– Hazırda məhsulların xarici bazarlarda tanıtımı üçün hansı işlər görürsüz və hansı ölkələrə məhsul satılması planlaşdırılır?

– Əvvəldə də qeyd etdiyimiz kimi bu işdə dövlətin dəstəyini daim hiss edirik. Belə ki, “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu” AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin Avropa İttifaqı ölkələrində, MDB, körfəz və ərəb ölkələrində beynəlxalq sərgi və yarmarkalarda təbliği ilə bağlı tədbirlər həyata keçirilməkdədir. “BİS” məhsullarının da yer aldığı “Made in Azerbaijan” brendinin təbliğ olunacağı məhsulların təqdimatı üçün mağaza şəbəkələrinə dair araşdırmalar davam edir.

– “Amoris” həm də “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvüdür. Bu ittifaq meyvə-tərəvəzçilərə problemlərinin birgə həllində hansı dəstəyi göstərə bilir?

– Bütün sahələrdə fəaliyyətin koordinasiya olunmasının nə qədər vacib olmasının izaha ehtiyacı yoxdur. Ölkədə kənd təsərrüfatının dinamik inkişafının indiki mərhələsində meyvə və tərəvəz istehsalçıları belə bir əlaqələndirici qurumun vacibliyini hiss etdilər və nəticədə “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiya”sı (“AMTA”) təsis edildi. Sevindirici haldır ki, “Amoris” MMC bu təşəbbüsə ilk qoşulan və onun yaradılmasında yaxından iştirak edən şirkətlərdəndir. Hal-hazırda “AMTA” öz fəaliyyətini yüksək səviyyədə davam etdirir, yaranan problem və həlli vacibiyyət tələb edən məsələlərin yoluna qoyulmasında dövlət və sahibkar arasında əlaqələndirici körpü rolunda çevik nəticələr əldə edir. Vaxtaşırı qeyri-rəsmi mühit ab-havasında keçirilən yığıncaqlardakı söhbətlərin qayəsi iştirakçıların hər birinin həssas mövzusu olduğu üçün diskusiyalar çox canlı və maraqlı olur, uzun müddət unudulmur. “AMTA”-nın göstərdiyi köməkdən bir misal çəkəcəm. Bizim istəyimizlə bu il 23 mart Novruz bayramı günü Rusiya Federasiyasına göndəriləcək malların gömrük və fitosanitar sənədlərinin tərtib və təsdiq edilməsindən ötrü müvafiq orqanların əməkdaşlarının işə çıxmaları üçün lazımi dövlət ünvanlarına müraciət edib müsbət nəticə əldə etmişdirlər.

– Azərbaycana xeyli miqdarda meyvə və tərəvəz konservləri idxal olunur. Bu həm xaricə valyuta axını, həm də tələbat deməkdir. İstehsal etdiyiniz məhsullardan konservlər buraxmaq planınız varmı?

– Artıq “Amoris”in uzun müddətli inkişaf proqramını müəyyən etmişik. Bu baxımdan hələlik konserv istehsalı gündəmdə deyil. Amma yaxın perspektivdə bu məsələyə mütləq qayıdacayıq. Həm də kənd təsərrüfatında istehsal nə qədər şərəfli də olsa bir o qədər də ağırdır, ağrılıdır, risklidir ki, bunların azaldılması bizi daimi düşündürür. Məsələn, düşünürük ki, satış bazarında daralma olsa, ordakı yerimiz bizi sıxsa, manevr üçün nə edək? Bəli, onda konserv istehsal edəcəyik. Digər sahələrində manevr üstünlükləri bilirsizmi nədədir? Ondadır ki, bir dizayner, bir konsturuktor ilə yeni istiqamətdə məhsul çıxardıb istehsal edə bilirlər, məsələn - kompyuter, avtomobil, köynək, ayaqqabı və s. Canlı təbiətlə münasibətdə olmağın, onunla davranmağın isə öz cəhətləri, incəlikləri var. Fikrimizi yekunlaşdırsaq, bu günkü nailiyyətlərimiz daha sonra görəcəyimiz işlərimizin əsası olacaqdır.

Rahim Tarıverdiyev