Koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50 faizinin işə cəlb edilməsi tövsiyə olunur.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Məlumatda deyilir: “Belə ki, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə alınmalı, müvafiq dezinfeksiya tədbirlərindən sonra işçilərin digər 50 faizi ilə obyektin fasiləsiz fəaliyyəti təmin edilməlidir”.