“Azərbaycan Sənaye Korporasiyası”nın 7 müəssisəsi özəlləşdirilməyə açıq elan edilib – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb.

Fins.az-ın xəbərinə görə, sərəncama əsasən, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı müəssisələri və balansında olan obyektlər özəlləşdirilməyə açıq elan edilib:

1. “ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti;

2. “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti;

3. “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti;

4. “ASK Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti;

5. “ASK İzolit” Məhdud Məsuliyyətli Cəmiyyəti;

6. “ASK Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyəti;

7. “ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Eyni zamanda siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri də özəlləşdirilməyə açıq elan edilib.

Özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir. Bu müəssisə və obyektlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.

İqtisadiyyat Nazirliyi müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirməli, özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

SHARE THIS STORY

FacebookTelegramTwitter