Azərbaycan Prezidenti: “İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir”

“Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir”.

Fins.az xəbər verir ki,bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, tarixi ədaləti bərpa edib: “Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzindəki bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş edib”.

Azərbaycan Prezidenti qeyd edib ki, İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir: “Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirib. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq”.

SHARE THIS STORY

FacebookTelegramTwitter