AVTO

23 İyul

Aİ icarə şirkətlərinə benzinli avtomobil qadağası qoyur

Finss.az - Avropa Komissiyası icarə avtomobil parklarında 2030-cu ildən yalnız elektrikli avtomobillərin istifadəsini nəzərdə tutan qanun layihəsi hazırlayır.

Avropa İttifaqı 2030-cu ildən etibarən icarə şirkətlərinin daxiliyanma mühərrikli avtomobillər almasını qadağan etməyi planlaşdırır. Bildirilir ki, bu təşəbbüs Avropa Komissiyası tərəfindən hazırlanır və yay sonuna kimi yekunlaşdırılaraq Avropa Parlamentinə təqdim olunacaq.

Qanun layihəsinin məqsədi icarə avtomobil parklarında elektromobillərə keçidi sürətləndirmək və ümumilikdə yaşıl keçidi stimullaşdırmaqdır. EK hesab edir ki, icarə sahəsində avtomobillərin tez-tez yenilənməsi bu keçidi daha operativ və effektiv edə bilər.

Yeni tənzimləmə qəbul ediləcəyi təqdirdə, təxminən 60% yeni avtomobil bazarına təsir edəcək. Avropa İttifaqı bundan əlavə 2035-ci ildən daxiliyanma mühərrikli avtomobillərin satışını tamamilə qadağan etməyi planlaşdırır.

Bununla belə, hazırda elektromobillərin satış tempi gözləntiləri doğrultmur. Aşağı tələbat səbəbindən bir sıra avtomobil istehsalçıları elektrik avtomobillərinə yönəlik sərmayələri azaldır və markalaşma siyasətində dəyişikliklər edirlər. Məsələn, Volkswagen ID subbrendini, Mercedes-Benz isə EQ seriyasını ləğv etmək qərarına gəlib.