Finss.az - Rusiyanın “Kama” startapı tərəfindən hazırlanmış “Atom” adlı elektromobilin kütləvi istehsalına başlamaq üçün əlavə 24 milyard rubl kredit ayrılıb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Maliyyə dəstəyi Dövlət İnkişaf Korporasiyası (ВЭБ.РФ) və PSB bankı tərəfindən təqdim olunub. Vəsait bu il ərzində elektrikli hetçbekin istehsalına başlamaq üçün istifadə ediləcək. Müvafiq maliyyələşdirmə barədə razılaşma Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – ПМЭФ-2025 çərçivəsində əldə olunub.
Qeyd edək ki, bu, dövlət strukturlarından “Kama” ASC-yə ayrılan ilk maliyyə dəstəyi deyil. 2023 və 2024-cü illərdə Sənayenin İnkişafı Fondu “Avtokomponentlər” proqramı çərçivəsində şirkətə ümumilikdə 10 milyard rubl güzəştli kredit ayırıb. Bundan əlavə, 2024-cü ildə Rusiya Birbaşa İnvestisiya Fondundan daha 2 milyard rubl investisiya daxil olub.
2024-cü ilin payızında layihənin reallaşması üçün əlavə 19,9 milyard rubl tələb olunduğu bildirilmişdi. Bu məqsədlə səhmlərin bir qisminin satışa çıxarılması planlaşdırılıb. Potensial investorlar sırasında “KamAZ”, “Tatneft”, “Renova”, “Qazprom-Media Holding” və “Rosatom”un törəmə şirkətləri yer alır.
2021-ci ildən üzərində işlənilən “Atom” elektromobili artıq istehsal üçün son mərhələyə çatıb. Moskva zavodu “Moskvich” artıq istehsal xətlərini – gövdə qaynaq, boya, kalibrləmə, test və keyfiyyətə nəzarət sahələrini istifadəyə hazır vəziyyətə gətirib.
Dördmetrlik hetçbek olan “Atom” arxa ötürücülü 204 at gücündə elektrik mühərriki və 77 kVt/saat tutumlu litium-ion batareya ilə təchiz ediləcək. Batareya bir doldurma ilə 500 km məsafə qət etməyə imkan verəcək. Avtomobilin bazara 2026-cı ildə, təxmini 2,5 milyon rubl qiyməti ilə çıxarılması planlaşdırılır.