AVTO

04 İyun

Volkswagen 20 min işçi ilə vidalaşır

Finss.az - Almaniyanın nəhəng avtomobil istehsalçısı Volkswagen, qlobal restrukturizasiya proqramı çərçivəsində 20 min əməkdaşı ilə yollarını ayırır.

Şirkətin əsas brendi çərçivəsində çalışan bu işçilər könüllü şəkildə əmək müqavilələrinin vaxtından əvvəl ləğvini qəbul ediblər. Bu addım, 2030-cu ilə qədər 35 min nəfərin ixtisarı ilə nəticələnəcək daha geniş optimallaşdırma planının ilk mərhələsidir.

Volkswagen-in bu qərarı maliyyə göstəricilərindəki ciddi eniş fonunda verilib. 2025-ci ilin ilk rübündə şirkətin mənfəəti 40 faiz azalıb, və maliyyə ili üzrə proqnozların aşağı həddə çatacağı gözlənilir. Bu vəziyyət konserni xərclərin azaldılması üzrə təcili addımlar atmağa məcbur edib.

İşçilərlə qarşılıqlı razılaşma əsasında imzalanan bu könüllü ayrılma proqramı, konsernin yenidənqurma strategiyasının əsas tərkib hissəsi hesab olunur. Proqramın detalları, Bild qəzetinin yaydığı məlumata əsasən, Volfsburqdakı istehsalat şurasının iclasında açıqlanıb.

Volkswagen-in ixtisar qərarı avtomobil sənayesində geniş vüsət alan qlobal optimallaşdırma tendensiyalarının bir hissəsidir. Qeyd edək ki, bu yaxınlarda Volvo da oxşar açıqlama ilə çıxış edib. Şirkət İsveçdə əsasən inzibati heyəti əhatə edən 15 faizlik ixtisar planı və təxminən iki milyard dollarlıq qənaət paketi elan edib.

Avtomobil nəhəngləri qarşılaşdıqları çətinliklər arasında elektrikli nəqliyyat vasitələrinə tələbatın zəifləməsi, istehsal xərclərinin artması və xüsusilə ABŞ-da rüsumlarla bağlı qeyri-müəyyənliyi əsas amillər kimi göstərirlər.