Finss.az - Çin-ABŞ mənşəli startap Faraday Future avtomobil bazarında yeni inqilab vəd edir.
Şirkət, Tesla Model Y ilə rəqabət aparacaq, lakin Toyota RAV4 qiymətinə təklif olunacaq FX 4 adlı elektrikli krossoverini təqdim etməyə hazırlaşır.
Faraday Future ilk dəfə FX 4 indeksli modelin tizerini dərc edib. Rəsmi məlumata görə, bu elektromobil “kütləvi bazar üçün əsl blokbaster” olmağa iddialıdır. Avtomobilin tam təqdimatı 2025-ci ilin dördüncü rübündə baş tutacaq, sifarişlər isə ilin sonunadək qəbul ediləcək.
Tizer görüntüsündə avtomobilin ön hissəsində bütöv LED işıq zolağı, relyefli kapot və kiçik yan güzgülər seçilir. İki parlaq rombdan ibarət loqo isə onun X seriyasına aid olduğunu göstərir — bu seriya Faraday Future tərəfindən bu ilin əvvəlində anons edilib.
Yeni X Seriyası: FX 4, FX 5, FX 6 və Super One
FX 4 modelindən başqa, seriyaya daha iri və güclü FX 5 və FX 6 krossoverləri, həmçinin Super One adlı süni intellektlə təchiz olunmuş miniven daxildir.
-
FX 5 – İdman üslubunda SUV-dir, geniş salona malikdir və qiyməti təxminən 20-30 min ABŞ dolları aralığında olacaq.
-
FX 4 – Seriyanın daha "gənc" modeli kimi qiymətinin daha aşağı olması gözlənilir.
-
FX 6 – Böyük ailələr üçün nəzərdə tutulmuş modeldir, qiyməti isə 30-50 min dollar arasında dəyişəcək.
-
Super One – “AI-MPV” kimi təqdim olunur və Faraday şirkəti bu minivenin Cadillac Escalade modelinə ciddi rəqib olacağını düşünür.
Super One modelinə artıq 2500 ilkin sifariş daxil olub. Onun qapalı təqdimatı 29 iyun, ictimai təqdimatı isə 17 iyul tarixində keçiriləcək. İstehsal bu ilin sonuna planlaşdırılıb.