AVTO

29 May

Yeni avtomobillər "işlənmiş" kimi satılır

Finss.az - Çin avtomobil sektorunda ciddi narahatlığa səbəb olan yeni bir tendensiya yaranıb: sıfır yürüşlü yeni avtomobillər rəsmən qeydiyyatdan keçirilərək, ikinci əl bazarına “işlənmiş” statusu ilə çıxarılır.

Bu qeyri-adi satış mexanizmi qiymət rəqabətindən sıxılan avtomobil istehsalçıları və dilerlərin endirimləri artırmaq və rəsmi qiymət məhdudiyyətlərindən yayınmaq üçün istifadə etdiyi vasitəyə çevrilib.

Çinin Ticarət Nazirliyi məsələ ilə bağlı təcili görüş təşkil edib. Görüşdə ölkənin aparıcı avtomobil istehsalçıları – BYD, Dongfeng Motor, həmçinin avtomobil sənayesi assosiasiyaları və böyük onlayn satış platformalarının nümayəndələri iştirak ediblər. Nazirliyin açıqlamasına görə, minlərlə satıcı bu praktikanı həyata keçirərək, bazarda süni ikinci əl avtomobil bolluğu yaradıb.

Böhran siqnalını ilk dəfə Great Wall Motor şirkətinin İdarə Heyətinin sədri Vey Tsyanzyu verib. O, bu cür “sıfır yürüşlü işlənmiş avtomobil” satışlarının geniş vüsət aldığını bildirib. Bu avtomobillər qeydiyyatdan keçirilir, nömrə alır və dərhal ikinci əl bazarına çıxarılır – amma faktiki olaraq bir dəfə də olsun istismar olunmur. Nəticədə, alıcılar ciddi endirimlər əldə edir, satıcılar isə dövlətin qiymət tənzimləmə siyasətini dolanmış olur.

Veyin qiymətləndirməsinə görə, yalnız onlayn ikinci əl satış platformalarında bu cür fəaliyyət göstərən azı 4 min satıcı mövcuddur.

Xatırladaq ki, Çində avtomobil bazarı 2025-ci ilin əvvəlindən bu yana artım tendensiyası göstərir. Yanvar-aprel aylarında ölkədə təxminən 7 milyon yeni avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artım deməkdir. Təkcə aprel ayında isə 1,78 milyon minik avtomobili satılıb – bu göstərici 2024-cü ilin aprel ayına nisbətən 14,8% çoxdur.

Hazırkı vəziyyət təkcə istehlakçıları deyil, həm də hökuməti narahat edir. Gözlənilir ki, yaxın günlərdə Çində avtomobil satışlarının tənzimlənməsi ilə bağlı əlavə inzibati addımlar atılsın.