AVTO

06 Fevral

Volkswagen 2027-ci ilə qədər 9 yeni model təqdim edəcək

Fins.az - Volkswagen, elektrik avtomobilləri bazarında mövqelərini itirdiyini və Çin markalarından gələn artan rəqabətlə üzləşdiyini etiraf edib.

Şirkət, itirilən bazar payını bərpa etmək məqsədilə «Triple A» (Accelerate, Attack, Achieve) strategiyasını tətbiq edəcəyini açıqlayıb. Bu strategiyanın bir hissəsi olaraq, 2027-ci ilə qədər 9 yeni modelin bazara çıxarılması planlaşdırılır.

Volkswagen-in yeni modeli olan ikinci nəsil T-Roc, şirkətin son daxili yanma mühərrikli avtomobili olacaq. Bu modelin təqdimatından sonra, Volkswagen tamamilə elektrik avtomobillərinə fokuslanacaq. 2026-cı ildə daha əlverişli və büdcəyə uyğun ID.2, 2027-ci ildə isə ID.1 modelinin satışa çıxarılması planlaşdırılır. Elektriklə işləyən yeni Golf modeli isə ABŞ-ın Rivian şirkəti ilə birgə hazırlanacaq və SSP platformasında inşa ediləcək.

Bununla belə, rəqiblər artıq Volkswagen-i qabaqlayıblar. Renault 5 satışa çıxarıb, yeni Twingo isə ID.1-dən bir il əvvəl bazara təqdim ediləcək. Volkswagen-in proqram təminatı ilə bağlı problemləri, bir neçə modelin buraxılışını gecikdirdi və bu da alıcıların etibarını azaldıb.

Şirkət, elektrik avtomobilləri bazarının kütləvi seqmentində liderliyi 2030-cu ilin sonuna qədər geri qazanmağı hədəfləyir, lakin Çin markaları və Avropa rəqiblərinin artan təzyiqi ilə bu məqsədə çatmaq asan olmayacaq.