AVTO

04 Fevral

Ölkəyə gətirilən minik avtomobillərinin sayı açıqlandı

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük və Dövlət Statistika komitələrinin açıqladığı rəsmi rəqəmlərə əsasında apardığı təhlil göstərir ki, son 5 ildə Azərbaycana 374 148 ədəd minik avtomobili idxal olunub.

Fins.az xəbər verir ki, bu müddət ərzində ən az minik avtomobili idxalı 2020-ci ildə (49 692 ədəd) qeydə alınıb və bu, pandemiyaya görə xarici ticarət əlaqələrində yaranan fasilələr ilə bağlı olub.

Son 5 ilin ən yüksək göstəricisi 2023-cü ildə qeydə alınıb və həmin il ölkəyə 88 151 minik avtomobili idxal olunub. 2024-cü ildə isə Azərbaycana idxal olunan minik avtomobillərinin sayı əvvəlki ilin göstəricisi ilə müqayisədə 6,5% azalaraq 82 434 ədəd təşkil edib.

Son 3 ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiymətində ciddi artım müşahidə olunub. Aşağıdakı cədvəldən də göründüyü kimi, 2022-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiyməti 34,2% artaraq 35 540 manat, növbəti ildə daha 39,8% artaraq 49 679 manata yüksəlib.

 

2023-cü ilin göstəricisi ilə müqayisədə 2024-cü ildə minik avtomobillərinin orta qiyməti 10,6% artaraq 54 923 manata bərabər olub. Bu tendensiya göstərir ki, ölkəyə gətirilən avtomobillərin orta qiyməti son illərdə əhəmiyyətli dərəcədə yüksəlib. Bu, tələbatın dəyişməsi, qlobal iqtisadi faktorlar və avtomobil bazarındakı ümumi qiymət artımı ilə bağlı ola bilər.

Son 5 ildə ölkəyə gətirilən minik avtomobillərinin böyük qismini yanacaq mühərrikli minik avtomobilləri təşkil etsə də, 2024-cü ildə ekoloji təmiz minik avtomobillərinin ümumi minik avtomobillərinin idxalında payı rekord həddə, yəni 35,45%-ə çatıb.

Azərbaycana idxal olunan minik avtomobilləri arasında yanacaq mühərrikli minik avtomobillərinin payı ilk dəfə olaraq 80%-dən aşağı, yəni 64,55% təşkil edib.

Məlumat üçün bildirək ki, ekoloji təmiz minik avtomobillərinə tətbiq olunan vergi və gömrük güzəştləri, həmçinin bu növ avtomobillərin yol xərclərinin az olması onların sayının sürətlə artmasına gətirib çıxarır.

2024-cü ildə yanacaq mühərrikli minik avtomobillərinin idxalı əvvəlki ilin göstəricisi ilə müqayisədə 25,0% azalaraq 53 210 ədəd, elektromobillərin idxalı isə 2,4% azalaraq 3 027 ədəd olub.