AVTO

30 Yanvar

Naxçıvan ərazisindən avtomobil tranziti 19% artıb

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 2024-cü ildə arxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə 107,4 milyon manat məbləğində gömrük ödənişləri toplanılıb.

Fins.az xəbər verir ki, bunu İdarənin rəis müavini Rəşad Bayramov 2024-cü ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında deyib.

Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 3,8 milyon manat və ya 3,6 % çoxdur.

O bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü ilin büdcəsi haqqında” Qanunu ilə təsdiq edilmiş “Xarici dövlətlərdə qeydiyyatda olan avtоnəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yоl vergisi” üzrə dürüstləşmədən sonra müəyyən olunmuş 12 milyon manat proqnoza qarşı 22,2 milyon manat, yəni 85 % artıq olmaqla muxtar respublikanın büdcəsinə köçürülüb: “2024-cü il ərzində muxtar respublikaya tranzit giriş edən nəqliyyat vasitələrinin sayı 158 min 332 ədəd, tranzit çıxış edən nəqliyyat vasitələrinin sayı 157 min 618 ədəd, ölkəyə giriş edən nəqliyyat vasitələrinin sayı 94 min 632 ədəd, ölkədən çıxış edən nəqliyyat vasitələrinin sayı isə 95 min 311 ədəd olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2024-cü il ərzində muxtar respublikanın ərazisindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayı 25 min 135 ədəd və ya 19 % artıb”.

R. Bayramov vurğulayıb ki, 2024-cü il ərzində qeydə alınan idxal əməliyyatlarının həcmi 115 milyon ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 10,6 milyon ABŞ dolları dəyərində olub.